Finlandiya Mərkəzi Bankının rəhbəri Olli Ren bildirib ki, enerjidaşıyıcılarının bahalaşması avrozonada inflyasiyanı Avropa Mərkəzi Bankının (AMB) əlverişsiz ssenarisinə yaxınlaşdırır. Bununla belə, uzunmüddətli borclanma faizlərinin yüksəlməsi yüksək enerji xərclərinin iqtisadiyyata təsirini müəyyən qədər məhdudlaşdıra bilər.
Avrozonada inflyasiya son aylarda 3 faizi ötüb və ilin sonuna qədər 4 faizə yaxınlaşa bilər. Bu göstərici AMB-nin 2 faizlik inflyasiya hədəfindən iki dəfə yüksəkdir. Mövcud vəziyyət tənzimləyiciyə faiz dərəcələrini artırmaq istiqamətində əlavə təzyiq yaradır.
“Enerji qiymətlərinin artması inflyasiya baxımından bizi AMB-nin əlverişsiz ssenarisinə yaxınlaşdırır”, – deyə Ren Avropa Sistem Riskləri Şurasının konfransında bildirib.
Onun sözlərinə görə, uzunmüddətli faiz dərəcələrinin kəskin yüksəlməsi iqtisadi artıma təzyiq göstərə bilər. Bu isə yüksək enerji xərclərinin digər məhsul və xidmətlərin qiymətlərinə, eləcə də əməkhaqlarına keçmə sürətini məhdudlaşdıra bilər.
AMB inflyasiya risklərinin artım istiqamətində dəyişdiyi barədə xəbərdarlıq etsə də, Ren proqnozların hər iki istiqamətdə hələ də yüksək qeyri-müəyyənlik daşıdığını vurğulayıb.
Dövlət istiqrazlarının gəlirliliyi son həftələrdə kəskin yüksəlib. Bu artım ABŞ qiymətli kağızlarının gəlirliliyindəki yüksəlişi də əks etdirir və investorların Vaşinqtonun büdcə siyasətinin davamlılığı ilə bağlı narahatlıqları ilə əlaqələndirilir.
Avrozonanın etalon göstəricisi hesab olunan Almaniyanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi 3,57 faizə yüksələrək son 17 ilin maksimumuna çatıb. ABŞ-ın analoji göstəricisi isə 5,32 faiz təşkil edir.
Ren iri texnologiya şirkətlərinin süni intellektə investisiyaları maliyyələşdirmək üçün fəal şəkildə borclanmasının istiqraz bazarlarına əlavə təzyiq göstərdiyini bildirib. Onun fikrincə, bu proses hökumətlər və digər borcalanlarla maliyyə resursları uğrunda rəqabəti də gücləndirə bilər.
Finlandiya Mərkəzi Bankının rəhbəri texnologiya sektorunda irimiqyaslı borclanmanın və aktivlərin yüksək qiymətləndirilməsinin maliyyə sabitliyi baxımından risklər yaratdığını qeyd edib. O bildirib ki, süni intellektlə bağlı aktivlərdə kəskin korreksiya baş verərsə, bu, səhm və kredit bazarlarına da yayıla bilər.
“Tarix bəşəriyyətə öyrədir ki, texnoloji inqilablar iqtisadiyyatı dəyişdirməyə qadirdir, lakin eyni zamanda maliyyə bazarları onların dərhal gətirəcəyi gəlirləri həddindən artıq yüksək qiymətləndirə bilər”, – deyə Ren vurğulayıb.
Enerji xərclərinin artması və maliyyə şərtlərinin sərtləşməsinə baxmayaraq, avrozona iqtisadiyyatı indiyədək gözləniləndən daha yüksək dayanıqlıq nümayiş etdirib və iqtisadi artım tempi proqnozlardan daha yüksək səviyyədə qalıb.
MONETAR.AZ