Kaşkari FED-in faiz dərəcələrini daha da artıracağını istisna etmir

Kaşkari FED-in faiz dərəcələrini daha da artıracağını

Minneapolıs Federal Ehtiyat Bankının prezidenti Nil Kaşkari bildirib ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) inflyasiyanı 2%-lik hədəfə qaytarmaq üçün zəruri addımları atmağa sadiqdir. O, bununla yanaşı, inflyasiyanın cilovlanması üçün faiz dərəcəsinin hansı yekun səviyyəyə çatmalı olduğuna dair qeyri-müəyyənliyin qaldığını qeyd edib.

Bloomberg Television-a müsahibəsində Kaşkari bildirib ki, beş il ərzində davam edən təklif şoklarından sonra siyasətçilər qiymət sabitliyini bərpa etmək üçün bütün zəruri tədbirləri görməlidirlər.

Onun açıqlamaları FED rəsmilərinin ötən ay əsas faiz dərəcəsini təxminən üç ildən sonra ilk dəfə artırmaq barədə yekdilliklə qərar verməsindən sonra səslənib. İclasdan sonra açıqlanan proqnozlar ilin sonunadək ən azı daha bir faiz artımının mümkünlüyünə işarə edib.

Bazar iştirakçılarının oktyabr iclasında faiz artımı ilə bağlı gözləntiləri Nyu-York Federal Ehtiyat Bankının prezidenti Con Uilyamsın əlavə sərtləşdirməyə təcili ehtiyac görmədiyini bildirməsindən sonra zəifləyib.

Bu gözləntilər çərşənbə günü açıqlanan inflyasiya məlumatlarından sonra da dəyişib. Hesabat baza qiymət artımının əvvəlki ay gözləniləndən daha aşağı olduğunu göstərib.

Bununla belə, fyuçers bazarları inflyasiyanın zəifləməsinə və bəzi FED rəsmilərinin daha yumşaq mövqeyinə baxmayaraq, ilin sonunadək faiz dərəcəsinin daha 0,25 faiz bəndi artırılmasını hələ də qiymətlərə daxil edir.

Kaşkari isə FED daxilində daha sərt mövqedə olan rəsmilərdən biri kimi çıxış edir. O, iyul ayında iki həmkarı ilə birlikdə faiz artımına fasilə verilməsi qərarına qarşı çıxaraq uçot dərəcəsinin 0,25 faiz bəndi artırılmasına səs verib.

Minneapolıs Federal Ehtiyat Bankının rəhbəri daha əvvəl də yüksək inflyasiya təzyiqlərinin davamlı diqqət tələb etdiyini bildirib. Bununla yanaşı, o, daha yumşaq siyasət düzəlişlərinin zamanla qiymət təzyiqlərini azaltmaq üçün kifayət edə biləcəyinə ümid etdiyini qeyd edib.

Hazırda FED inflyasiyanın zəifləməsi ilə qiymət artımı risklərinin hələ də qalması arasında balans yaratmağa çalışır. Bu vəziyyət faiz dərəcələrinin gələcək trayektoriyası ilə bağlı bazar iştirakçıları arasında qeyri-müəyyənliyi qoruyur.

MONETAR.AZ