ABŞ-da işsizlik inflyasiyanı hədəf səviyyəsinə endirəcəkmi?

ABŞ-da işsizlik inflyasiyanı

ABŞ-da son bir il ərzində işçi qüvvəsinin azalması işsizlik səviyyəsinin aşağı düşməsini sürətləndirib. Qeyri-qanuni miqrantların ölkəni tərk etməsi və əmək bazarında iştirak səviyyəsinin geriləməsi fonunda məşğulluq artımının işsizliyi azaltmaq üçün tələb olunan həddi də aşağı düşüb.

BCA Research şirkətinin son analitik qeydində ABŞ əmək bazarındakı bu dinamikanın inflyasiyaya təsiri və Federal Ehtiyat Sisteminin (FED) gələcək siyasəti qiymətləndirilib.

Şirkətin diqqət çəkdiyi əsas sual budur: tariflərin və enerji daşıyıcılarının inflyasiyaya təsiri növbəti il zəifləsə belə, əmək bazarı inflyasiyanın FES-in 2 faizlik hədəfindən yuxarı qalmasına səbəb olacaq qədər sıx qala bilərmi?

BCA Research-dən Conatan LaBerj işsizliklə inflyasiya arasındakı əlaqənin tarixi dövrlərdə fərqli nəticələr verdiyini bildirir. Məsələn, 1999–2000 və 2018–2019-cu illərdə ABŞ-da işsizlik 4 faizdən aşağı düşsə də, yüksək inflyasiya müşahidə olunmayıb. Əksinə, 1960-cı illərin sonu və 2022–2024-cü illərdə aşağı işsizlik yüksək inflyasiya ilə müşayiət olunub.

İqtisadi nəzəriyyədə Fillips əyrisi işsizliklə inflyasiya arasında qısamüddətli əlaqəni təsvir edir. Ənənəvi yanaşmaya görə, yüksək tələbat və aşağı işsizlik inflyasiya təzyiqini artırır, zəif tələbat və yüksək işsizlik isə bu təzyiqi azaldır.

BCA Research hesab edir ki, hazırkı şəraitdə ABŞ-da işsizliyin 4 faizdən aşağı olması inflyasiya üçün əlavə risk yarada bilər. Şirkət 1990-cı illərin sonlarında aşağı işsizliklə yanaşı inflyasiyanın da aşağı qalmasını əmək məhsuldarlığının artımı ilə əlaqələndirir. Süni intellektin gələcəkdə məhsuldarlığı artırmaq potensialı olsa da, analitiklərin fikrincə, bu təsir hələ statistik göstəricilərdə aydın şəkildə görünmür.

2018–2019-cu illərdə isə inflyasiya gözləntilərinin daha aşağı olması əməkhaqqı artımını məhdudlaşdıran amillərdən biri kimi qiymətləndirilir.

LaBerj əməkhaqqının kəskin sürətlənməsi ilə bağlı narahatlıqların şişirdilə biləcəyini bildirir. Onun fikrincə, işçilərlə işəgötürənlər arasındakı struktur güc balansı 1970-ci illərdəki vəziyyətdən əhəmiyyətli dərəcədə fərqlənir və əməkhaqqı artımının həmin dövrdəki kimi inflyasiyanı sürətləndirən prosesə çevrilməsi üçün şərait məhduddur.

BCA Research pandemiyadan sonra əməkhaqqı artımının sürətlənməsinin əsas səbəblərindən birinin işçi qüvvəsi çatışmazlığı olduğunu qeyd edir. Həmin dövrdə könüllü işdənçıxma göstəricisi rekord səviyyələrə çatmış, işçilərin şirkətlər arasında keçidi artmışdı. Eyni zamanda, fiskal transfertlər əmək bazarına qayıdışı müəyyən qədər ləngidir, işəgötürənlər isə vakansiyaları doldurmaq üçün əməkhaqqını artırmağa məcbur qalırdı.

Şirkətin qiymətləndirməsinə görə, hazırda bu amillərin əksəriyyəti əvvəlki gücdə deyil.

BCA Research internetdə vakansiyaların yerləşdirilməsinin aşağı xərclərinin bəzi hallarda real iş imkanlarının sayını olduğundan çox göstərdiyini bildirir. Eyni zamanda, işəqəbul səviyyəsinin aşağı düşməsi əmək tələbinin zəiflədiyinə işarə edir.

Digər tərəfdən, daha sərt immiqrasiya siyasəti işçi qüvvəsi təklifinin azalmasına səbəb olan amillərdən biri kimi göstərilir.

Şirkət həmçinin ABŞ-da özəl sektorda həmkarlar ittifaqı üzvlüyünün əvvəlki dövrlərlə müqayisədə xeyli aşağı olduğunu və bunun işçilərin əməkhaqqı üzrə danışıqlıq gücünü məhdudlaşdırdığını qeyd edir. Bu səbəbdən əməkhaqqı və qiymətlərin bir-birini sürətləndirən “əməkhaqqı–qiymət” spiralı üçün hazırda güclü əsasların olmadığı bildirilir.

Bununla belə, BCA Research növbəti 12 ay ərzində əmək bazarı və inflyasiya dinamikasının FES-in siyasətində gözlənilməz sərtləşməyə səbəb ola biləcəyini istisna etmir.

MONETAR.AZ