İsveçrədə istehlak qiymətləri sentyabr ayında əvvəlki ayla müqayisədə dəyişməyib. Yanacaq və mazutun bahalaşması turizm və yerləşmə xidmətlərinin ucuzlaşması ilə kompensasiya olunub.
İsveçrə Federal Statistika İdarəsinin məlumatına görə, sentyabrda illik inflyasiya avqust ayındakı səviyyədə qalaraq 1% təşkil edib. İstehlak Qiymətləri İndeksi (İQİ) isə 101,5 bənd səviyyəsində dəyişməyib. Hesablamalarda baza dövrü kimi dekabr 2025-ci il qəbul edilib.
Sentyabrda bəzi enerji məhsullarının qiymətində nəzərəçarpan artım qeydə alınıb. Belə ki, mazutun qiyməti avqustla müqayisədə 8,2%, dizel yanacağı 4,4%, benzin isə 3,3% bahalaşıb.
Bununla yanaşı, qiymət artımı xidmət sektorunda ucuzlaşma ilə kompensasiya olunub. Beynəlxalq paket turlar 3,9%, mehmanxana xidmətləri 1,2%, avtomobil icarəsi və karşerinq xidmətləri 14,2%, digər yerləşmə obyektlərinin xidmətləri isə 11,2% ucuzlaşıb.
Təzə və mövsümi məhsullar, enerji daşıyıcıları və yanacaq nəzərə alınmadan hesablanan baza inflyasiyası sentyabrda aylıq ifadədə dəyişməyib. İllik hesablamada isə bu göstərici 0,5% artıb.
Daxili qiymətlər ay ərzində 0,2% azalıb, illik ifadədə isə 0,7% yüksəlib.
İdxal olunan mal və xidmətlərin qiymətləri isə sentyabrda aylıq müqayisədə 0,5%, illik ifadədə 2,1% artıb. Bu göstərici xarici qiymət təzyiqinin gücləndiyini göstərir.
Avropa İttifaqı ölkələri ilə müqayisə üçün istifadə olunan metodologiya əsasında hesablanan İsveçrənin Uyğunlaşdırılmış İstehlak Qiymətləri İndeksi (HICP) sentyabrda aylıq ifadədə 0,1% azalıb, illik ifadədə isə 1,2% artıb.
MONETAR.AZ