Porsche-nin rəhbəri daxili yanma mühərrikli modellərə qayıdışı müdafiə edir

Porsche-nin rəhbəri daxili yanma mühərrikli modellərə

Porsche-nin baş icraçı direktoru (CEO) Mixael Layters şirkətin elektrik avtomobillərinə skeptik yanaşdığı barədə iddiaları rədd edib. O, elektrik modellərinin inkişafı ilə yanaşı, benzin mühərrikli avtomobillərin yenidən genişləndirilməsini nəzərdə tutan strategiyanı müdafiə edib.

Yanvar ayında vəzifəyə gəldikdən sonra Layters Volkswagen Qrupuna daxil olan idman avtomobilləri istehsalçısının elektrik avtomobillərinə keçidin yaratdığı maliyyə təzyiqləri fonunda gəlirliliyi bərpa etmək üçün benzin mühərrikli modellərin inkişafına daha çox diqqət ayırıb.

Porsche Çində satışların azalmasına qarşı model sırasını yenidən genişləndirməyə hazırlaşır. Şirkət 2028-ci ildə Macan krossoverinin daxili yanma mühərrikli versiyasını təqdim etməyi planlaşdırır.

Lüks K1 krossoverinin hansı mühərriklə təchiz ediləcəyi isə hələ müəyyənləşdirilməyib. Şirkət premium seqmentdə benzin mühərrikli avtomobillərə tələbatın daha yüksək olduğunu bildirir.

Bununla yanaşı, Porsche 718 idman avtomobilinin elektrik versiyası üzərində işi davam etdirir. Şirkətin strategiyasına görə isə əfsanəvi 911 modelinin tam elektrik versiyası hazırlanmayacaq.

Elektrikli Macan modelinin satışları ilin ilk yarısında illik müqayisədə 40% azalıb. Benzin mühərrikli versiyanın satışları isə Avropada Aİ-nin kibertəhlükəsizlik qaydaları səbəbindən satılmamasına baxmayaraq 2% artıb.

Layters bildirib ki, qısa müddətdə elektrik və benzin mühərrikli modellər arasında qiymət paritetinə nail olmaq çətindir. Bu səbəbdən elektrik avtomobillərinin satışlarının şirkətin mənfəət marjasına təzyiq göstərməkdə davam edəcəyi gözlənilir.

Şirkət maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə restrukturizasiya tədbirlərini də genişləndirib.

Layters qeyri-profil fəaliyyətlərin azaldılması çərçivəsində 2035-ci ilədək işçi heyətinin 20%-nin, yəni təxminən 9 min iş yerinin ləğvi barədə həmkarlar ittifaqı ilə razılığa gəlib.

Porsche-nin elektrikli velosiped, batareya və proqram təminatı bölmələri bağlanıb. Şirkətin IT-konsaltinq biznesi Tata Consultancy Services (TCS) şirkətinə satılıb. Bundan əlavə, Bugatti Rimac və Rimac Group-dakı payların satışından 1 milyard avro vəsait əldə edilib.

Restrukturizasiya şirkətin maliyyə göstəricilərinin ciddi şəkildə pisləşdiyi dövrə təsadüf edir. 2023-cü ildə 320 min avtomobil tədarük edən və 18% əməliyyat marjası əldə edən Porsche-də marja ötən il 280 min avtomobil satışına baxmayaraq cəmi 1,1%-ə düşüb.

Şirkətin Çinə tədarükü də ilin ilk yarısında 32% azalıb. Bu fonunda Volkswagen Porsche-dəki payı ilə bağlı 6 milyard avro məbləğində dəyərsizləşmə həyata keçirərək mənfəət xəbərdarlığı edib.

Layters gələn həftə keçiriləcək investor günündə Çin bazarı üzrə proqnozların və şirkətin zərərsizlik nöqtəsinin əhəmiyyətli dərəcədə aşağı salınacağını bildirib. Bununla belə, Porsche-nin orta müddətli əməliyyat marjası hədəfi 10–15% səviyyəsində saxlanılır.

Layters Çində yeni avtomobillərin bazara çıxarılma sürətinin çox yüksək olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə gündəlik orta hesabla iki yeni məhsulun təqdim edilməsi ənənəvi avtomobil istehsalçıları üçün ciddi təzyiq yaradır.

CEO hesab edir ki, Avropa istehsalçıları yüksək əmək və enerji xərcləri, eləcə də sərt tənzimləyici tələblər səbəbindən BYD və Xiaomi kimi Çin şirkətlərinin bazara çıxardığı yeni modellərin sürəti ilə rəqabət aparmaqda çətinlik çəkirlər.

MONETAR.AZ