Bakıda mikromobillik zolaqlarının uzunluğu 67,5 kilometrə çatıb

Bakıda mikromobillik zolaqlarının uzunluğu

Bakıda mikromobillik infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Görülən tədbirlərin əsas məqsədi mikromobillik şəbəkəsinin davamlılığını təmin etməklə yanaşı, velosiped və skuter istifadəçilərinin təhlükəsiz və rahat hərəkətinə şərait yaratmaqdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, işlər çərçivəsində Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub. Mirzəağa Əliyev küçəsi ilə Neftçilər prospekti arasındakı zolaq uzadılaraq Salatın Əsgərova küçəsinədək davam etdirilib.

Ərazidə müvafiq yol nişanlarının quraşdırılması həyata keçirilir. Yaxın günlərdə isə təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.

Hazırda Bakı şəhərində mikromobillik zolaqlarının ümumi uzunluğu 67,5 kilometrə çatıb. Şəhərin inkişaf konsepsiyasına uyğun olaraq bu şəbəkənin gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.

İnfrastrukturun genişləndirilməsi mikromobillik vasitələrindən istifadənin artmasına da təsir göstərir. Belə ki, 2026-cı ilin sentyabrında Bakıda velosiped və skuterlərdən istifadə etməklə həyata keçirilən səfərlərin sayı 548 minə çatıb.

Həmin ay ərzində velosiped və skuterlərdən 264 min 50 nəfər istifadə edib. Qət edilən ümumi məsafə isə 2 milyon 648 min kilometr təşkil edib.

AYNA-nın məlumatına görə, mikromobillik vasitələrinin sifarişi, istifadəsi və qət edilən məsafə üzrə bu göstəricilər rekord nəticə hesab olunur.