Ukraynanın 2027-ci il büdcəsində 69 milyard avro həcmində maliyyə kəsiri yaranıb. Bu vəsaitin 40 milyard avrosunun hərbi xərclərə, 29 milyard avrosunun isə dövlət sektorunun maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko Brüsseldə keçirilən görüşdə ölkənin əlavə maliyyə ehtiyaclarını açıqlayıb.
Bundan əvvəl Ukrayna 2026-cı ilin sonunadək büdcədə 27 milyard dollarlıq maliyyə kəsirinin yarandığını bildirmişdi.
Aİ 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində kredit ayırmağı planlaşdırıb. Lakin bu vəsait Ukraynanın ümumi maliyyə ehtiyaclarının yalnız bir hissəsini qarşılayır.
2027-ci il üçün tələb olunan əlavə 69 milyard avronun 40 milyard avrosunun müharibənin davam etdirilməsi, 29 milyard avrosunun isə müəllimlərin maaşları və dövlət aparatının fəaliyyəti də daxil olmaqla mülki xərclər üçün istifadə ediləcəyi bildirilir.
Ukrayna hökuməti əlavə maliyyə ehtiyacının artmasını hərbi xərclərin yüksəlməsi, Rusiya zərbələrinin yaratdığı nəticələrin aradan qaldırılması və kənd təsərrüfatı məhsullarının ixracının azalması ilə əlaqələndirir.
Hazırda Avropa İttifaqında Ukraynanın əlavə maliyyələşdirilməsinin hansı mənbədən təmin olunacağı ilə bağlı müzakirələr davam edir.