Cənubi Koreyanın ixracı sentyabr ayında süni intellekt (Sİ) texnologiyalarına tələbatın artması və çip sektorundakı yüksəliş fonunda gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib.
Hökumətin açıqladığı ilkin məlumatlara görə, ölkənin ixracı sentyabrda ötən ilin eyni ayı ilə müqayisədə 83,5% artıb. Bu, artım tempinin son təxminən 50 ilin ən yüksək səviyyəsinə çatması deməkdir.
Sentyabr göstəricisi analitiklərin 61,7%-lik proqnozunu əhəmiyyətli dərəcədə üstələyib. Avqustda isə ixrac illik ifadədə 68,7% artmışdı.
İxracdakı sürətli yüksəliş Cənubi Koreyanın xarici ticarət balansına da müsbət təsir göstərib. Sentyabrda ölkənin ticarət balansında 49,85 milyard dollar müsbət saldo yaranıb. Bu göstərici 38,20 milyard dollarlıq gözləntidən yüksək olub.
Cənubi Koreyanın ixracı qlobal bazarda Sİ çiplərinə və məlumat mərkəzləri üçün avadanlıqlara tələbatın sürətlə artması fonunda 2025-ci ilin iyun ayından etibarən yüksəliş nümayiş etdirir.
Yaddaş çiplərinin aparıcı istehsalçıları olan Samsung Electronics Co Ltd və SK Hynix Inc süni intellekt sektorundan gələn yüksək tələbatın əsas benefisiarları sırasında yer alır. Sİ sistemlərinin genişlənməsi qlobal yaddaş çipləri bazarında tədarükün azalmasına və qiymətlərin yüksəlməsinə də təsir göstərir.
İdxal da sentyabr ayında əhəmiyyətli dərəcədə artıb. Sİ sektorundakı aktivlik iqtisadiyyatı dəstəkləməklə yanaşı, daxili tələbatın canlanmasına da şərait yaradıb.
Cənubi Koreyanın idxalı sentyabrda illik müqayisədə 26% artıb. Bu göstərici üzrə gözlənti isə 21,5% təşkil edirdi.
İdxalın artmasında enerji qiymətlərinin yüksəlməsi də rol oynayıb. Yaxın Şərqdə davam edən müharibə fonunda neft və qaz qiymətlərinin bahalaşması ölkənin enerji idxalının dəyərini artırıb.
MONETAR.AZ