"Fintrend" BOKT 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən, şirkət ötən ili 1 milyon 129 min manat xalis mənfəətlə başa vurub ki, bu da əvvəlki illə müqayisədə 44,8 faiz azdır.
Maliyyə göstəricilərinə görə, hesabat dövründə şirkətin xalis faiz gəlirləri 4,9 milyon manat təşkil edib. Bununla yanaşı, gözlənilən kredit zərərləri üzrə ehtiyatlara (proviziyalara) 2,84 milyon manat ayrılıb. Nəticədə faiz gəlirləri üzrə xalis göstərici 2 milyon 57 min manata enib.
Şirkətin inzibati və əməliyyat xərcləri də artım nümayiş etdirib. Belə ki, bu xərclər illik müqayisədə 53,8 faiz yüksələrək 1 milyon 230 min manata çatıb.
Hesabata əsasən, "Fintrend" BOKT-un aktivləri 2025-ci ilin sonuna 90 milyon 790 min manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 27,8 faiz çoxdur. Kredit portfeli isə 83 milyon 200 min manata yüksəlib.
Məlumata görə, aktivlərin artımında əsas amillərdən biri səhmdar dəstəyi hesabına cəlb olunan vəsaitlər olub. Şirkətin öhdəlikləri 81 milyon 600 min manat, cəmi kapitalı isə 9 milyon 320 min manat səviyyəsində formalaşıb.
Maliyyə hesabatında vergidən əvvəlki mənfəətin 982 min manat olduğu, xalis mənfəətin isə 1 milyon 129 min manat təşkil etdiyi qeyd edilir. Bu fərqin təxirə salınmış vergi aktivlərinin tanınması ilə əlaqədar yarandığı bildirilir.
Kredit portfelinin genişlənməsi şirkətin bazar mövqeyini gücləndirsə də, proviziyaların və borclanmanın artması gələcək dövrdə maliyyə nəticələrinə təsir göstərə biləcək əsas amillərdən biri olaraq qalır.
MONETAR.AZ