Hesablama Palatasına Naxçıvan Muxtar Respublikası büdcəsi və sığorta sirri ilə bağlı əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Bu, "Büdcə sistemi haqqında", "Hesablama Palatası haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunub.
Layihəyə əsasən, Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının büdcə layihəsi və onun icrası, həmçinin müvafiq qanun layihələri və illik hesabatlar üzrə rəy verəcək. Eyni zamanda, qurumun muxtar respublikadakı büdcədənkənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitlərinin, dövlət zəmanəti ilə cəlb edilən kreditlərin, dövlət qrantları və texniki yardımların, eləcə də büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitlərinin auditi ilə bağlı səlahiyyətləri də müəyyənləşdirilir.
Qanun layihəsində Hesablama Palatasının sığorta bazarının peşəkar iştirakçılarının malik olduğu və qanunvericiliyə uyğun olaraq sığorta sirri hesab edilən məlumatlara çıxış əldə etməsi də nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərin qəbul ediləcəyi halda, Hesablama Palatasının dövlət maliyyə nəzarəti və audit imkanlarının daha da genişlənəcəyi gözlənilir.
MONETAR.AZ