İngiltərə Bankının sədr müavini Deyv Ramsden inflyasiya təzyiqinin daha da güclənəcəyi təqdirdə mərkəzi bankın faiz dərəcəsini artırmaq imkanını nəzərdən keçirə biləcəyini bildirib.
Ramsden Londonun Money Macro and Finance Society qarşısında çıxışı zamanı İngiltərə Bankının sentyabr ayında keçirilən pul-kredit siyasəti iclasının protokolunda əksini tapan mövqeyini bir daha açıqlayıb.
O qeyd edib ki, hazırkı pul-kredit siyasəti hələ də iqtisadi aktivliyi məhdudlaşdıran xarakter daşıyır. Bununla belə, inflyasiya gözləntilərinə yuxarı istiqamətdə təzyiqin artmaqda davam etməsi faiz dərəcəsinin yüksəldilməsi üçün əsas yarada bilər.
Ramsdenin sözlərinə görə, inflyasiya təzyiqlərinin davamlı xarakter alması halında mərkəzi bankın daha sərt pul-kredit siyasətinə keçməsi gündəmə gələ bilər.
MONETAR.AZ