Ucuz pul dövrü başa çatır: istiqraz gəlirlilikləri uzunmüddətli yüksəlişə keçir

Ucuz pul dövrü başa çatır: istiqraz gəlirlilikləri uzunmüddətli

Dünyada dövlət borclanmasının dəyəri artır. Buna əsas səbəblərdən biri investorların daha uzunmüddətli borc öhdəliklərini portfellərində saxlamaq üçün daha yüksək gəlirlilik tələb etməsidir. “Bloomberg” yazır ki, ABŞ dövlət istiqrazlarının gəlirliliyindəki artım hətta maliyyə naziri Skott Bessenti uzunmüddətli Xəzinə istiqrazlarının geri alınması (buyback) proqramını genişləndirməyə vadar edib. Lakin bu addım 10 illik ABŞ Xəzinə istiqrazlarının gəlirliliyinin 5 faizi keçməsinin və son təxminən iki onilliyin ən yüksək səviyyəsinə çatmasının qarşısını ala bilməyib.

Bu, qlobal istiqraz bazarında son həftələrdə aşılmış bir sıra mühüm hədlərdən biridir və aşağı gəlirlilik dövrünün sona yaxınlaşdığına dair siqnalları gücləndirir. Dünyada suveren istiqrazların orta gəlirliliyi artıq 4 faizə çatıb. Bu səviyyə sonuncu dəfə 2007-ci ildə qeydə alınıb.

İnvestorların uzunmüddətli dövlət borcuna marağının azalmasının arxasında bir neçə amil dayanır. Bunlara büdcə kəsirlərinin artması, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti fonunda inflyasiyanın davamlı qalması və Yaxın Şərqdəki münaqişə nəticəsində enerji qiymətlərinin yüksəlməsi daxildir. Hökumətlər eyni zamanda investorların diqqəti uğrunda texnologiya şirkətləri ilə rəqabət aparırlar. Belə ki, şirkətlər süni intellekt infrastrukturunun qurulmasını maliyyələşdirmək üçün böyük həcmdə istiqrazlar buraxırlar.

İqtisadi cəhətdən güclü ölkələrin buraxdığı dövlət istiqrazları dünyada ən etibarlı maliyyə alətlərindən hesab olunur. Bunun əsas səbəbi həmin dövlətlərin borclarını qaytarmaq imkanlarının yüksək olmasıdır. Hökumətlər maliyyələşmə xərclərini uzun müddətə sabitləmək üçün, məsələn, 30 illik istiqrazlar buraxa bilirlər. Bəzi ölkələr hətta 100 illik müddətə hesablanmış borc alətləri də təklif edirlər.

Bununla belə, uzunmüddətli istiqrazlar investorlar üçün müəyyən risklər daşıyır. İnflyasiya və qısamüddətli faiz dərəcələri yüksəldikdə istiqraz üzrə sabit kupon ödənişlərinin, eləcə də müddətin sonunda qaytarılan əsas məbləğin real dəyəri azalır. İstiqrazın müddəti nə qədər uzun olarsa, inflyasiyanın onun real gəlirliliyinə təsir göstərməsi üçün bir o qədər çox vaxt yaranır.

Bu səbəbdən uzunmüddətli istiqrazlar faiz dərəcələrinin və inflyasiyanın yüksəlməsinə daha həssas olur və son satış dalğasının (sell-off) əsas mərkəzlərindən birinə çevrilir.

Sentyabr ayında ABŞ-ın 30 illik Xəzinə istiqrazlarının gəlirliliyi 2004-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Yaponiyanın analoji istiqrazlarının gəlirliliyi tarixi maksimumlara yaxınlaşıb. Böyük Britaniyanın uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyi isə 1998-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Nəzəri baxımdan yüksək gəlirlilik uzunmüddətli istiqrazları investorlar üçün daha cəlbedici edə bilər. Lakin istiqraz bazarında tələb və təklifin strukturunda ciddi dəyişiklik baş verir.

Son iki onilliyin böyük hissəsində, xüsusilə Asiyada qlobal yığımların yüksək olması etibarlı maliyyə aktivlərinə tələbi artırıb və uzunmüddətli real gəlirliliyin aşağı səviyyədə qalmasına şərait yaradıb.

İndi isə hökumətlər bərpa olunan enerjidən müdafiə sənayesinə qədər müxtəlif sahələr üzrə xərcləri artırırlar. ABŞ da 40 trilyon dolları keçən dövlət borcunu maliyyələşdirmək və Konqresin Büdcə İdarəsinin avqust proqnozuna görə 2,1 trilyon dollara çatacaq illik büdcə kəsirini bağlamaq üçün daha çox borclanır.

Dövlət borcunun qlobal təklifi artsa da, tələb xarici investorların marağının azalması və mərkəzi bankların illərlə davam edən istiqraz alışlarından sonra balanslarını kiçiltməsi səbəbindən əvvəlki qədər güclü deyil.

Nəticədə investor bazasının daha çox qiymətə həssas özəl alıcılara doğru dəyişdiyi müşahidə olunur. Bu investorlar uzunmüddətli istiqrazları portfellərində saxlamaq üçün adətən daha yüksək kompensasiya tələb edirlər. Pensiya sistemlərində baş verən struktur dəyişiklikləri də ənənəvi uzunmüddətli investorların sayını azaldıb.

“Bloomberg Economics”in modelinə əsasən, ABŞ-ın 30 illik dövlət istiqrazları üzrə müddət primi (term premium) — yəni investorların uzunmüddətli borcu saxlamaq üçün tələb etdiyi əlavə gəlirlilik — COVID-19 pandemiyası dövründə, 2020-ci ildə qeydə alınan minimum səviyyədən 3 faiz bəndindən çox artıb.

ABŞ uzun müddət “gəlirlilik üstünlüyü”ndən faydalanıb. İnvestorlar ABŞ Xəzinə istiqrazlarının yüksək likvidliyi, etibarlılığı və girov kimi istifadə imkanları səbəbindən daha yüksək qiymət ödəməyə, başqa sözlə, daha aşağı gəlirliliklə kifayətlənməyə hazır olublar.

Lakin bəzi investorlar ABŞ-ın davamlı artan borc yükünə və Donald Tramp administrasiyasının siyasətindəki qeyri-müəyyənliyə diqqət çəkərək bu üstünlüyün zəiflədiyini düşünürlər. Digərləri isə bu narahatlıqların şişirdildiyini və ABŞ Xəzinə istiqrazlarının hələ də dünyanın ən etibarlı borc alətlərindən biri olduğunu bildirirlər.

İstiqraz bazarında kəskin və nəzarətsiz satış dalğası öz büdcə kəsirlərini maliyyələşdirmək üçün borc bazarlarına güvənən hökumətlər üçün ciddi problemlər yarada bilər. Böyük Britaniya 2022-ci ildə Liz Trassın baş nazirliyi dövründə yaşanan maliyyə böhranından sonra bunun mümkün nəticələrini təcrübədən keçirib.

Uzunmüddətli istiqrazların gəlirliliyi ipoteka kreditləri, istehlak borcları və korporativ kreditlər üzrə faiz dərəcələrinin formalaşmasında mühüm rol oynayır. Gəlirliliyin yüksəlməsi borclanan ev təsərrüfatları üzərində təzyiqi artıra bilər. Bu xüsusilə uzun müddət davam edən inflyasiyanın yaşayış xərclərini yüksəltdiyi şəraitdə daha çox əhəmiyyət daşıyır.

Digər tərəfdən, yüksək gəlirlilik əmanətçilər üçün müsbət nəticə yarada bilər.

İstehlak kreditləri bazarına təsir isə həmişə birbaşa olmur. Məsələn, ABŞ-da 30 illik ipoteka faizləri birbaşa 30 illik Xəzinə istiqrazlarının deyil, daha çox 10 illik istiqrazların gəlirliliyinə bağlıdır. Bunun əsas səbəbi ev sahiblərinin ipoteka kreditlərini adətən təxminən 10 ildən sonra bağlaması və ya yenidən maliyyələşdirməsidir.

Bir sıra hökumətlər borclanma proqramlarını daha qısa müddətli istiqrazlara doğru dəyişirlər. Belə istiqrazların gəlirliliyi hazırda daha aşağı olsa da, qısamüddətli borclanma hökumətlərin borclarını daha tez-tez yenidən maliyyələşdirməli olması deməkdir. Bu isə gələcəkdə faiz dərəcələri yüksək qalarsa, əlavə maliyyə yükü yarada bilər.

ABŞ Maliyyə Nazirliyi avqust ayında 10-30 illik dövlət istiqrazlarının geri alınması proqramını genişləndirəcəyini açıqlayıb. Məqsəd maliyyə naziri Skott Bessentin ifadəsi ilə desək, bazarda yaranan “hərarəti” azaltmaq olub.

Lakin geri alım proqramının ilk tranşı gözləniləndən daha kiçik olub və 10 illik ABŞ Xəzinə istiqrazlarının gəlirliliyi çoxillik maksimumlara doğru yüksəlməkdə davam edib.

Nəticə etibarilə hökumətlərin qarşısında əsas vəzifələrdən biri investorları inflyasiyanı və büdcə kəsirlərini nəzarətdə saxlaya biləcəklərinə inandırmaqdır. Bunun üçün isə siyasi baxımdan populyar olmayan vergi artımları və dövlət xərclərinin azaldılması kimi addımlar gündəmə gələ bilər.

Yüksək gəlirlilik müəyyən mənada istiqraz investorları üçün müsbət xəbərdir. Fond bazarlarının rekord səviyyələrə yaxın qalması fonunda istiqraz gəlirliliklərinin yüksəlməsi qlobal iqtisadiyyatın daha yüksək borclanma xərclərinə müəyyən qədər dözümlü olduğunu göstərir.

Qlobal maliyyə böhranından sonrakı dövrdə iqtisadi artım perspektivlərinin zəif olması fonunda istiqraz gəlirlilikləri uzun müddət sıfıra yaxın səviyyələrdə qalıb. Buna görə də son artımı böhrandan əvvəlki daha yüksək gəlirlilik səviyyələrinə doğru müəyyən mənada normallaşma kimi qiymətləndirənlər var.

“İnsanlar ‘daha yüksək və daha uzun müddətə’ ifadəsini işlətməyi sevirlər. Biz isə düşünürük ki, daha dəqiq ifadə ‘normal və daha uzun müddətə’ olardı”, – Wells Fargo iqtisadçıları Tom Porçelli və Maykl Pulyeze avqust ayındakı analitik qeydlərində bildiriblər.

MONETAR.AZ