Yanvarın 15-də Vikipediyanın yaradılmasından 25 il ötür. Son 25 ildə bu açıq və birgə məzmun platforması 300-dən çox dildə 65 milyondan artıq məqaləni əhatə edib. Məqalələr təxminən 250 min könüllü tərəfindən yazılır, redaktə olunur və yoxlanılır. Wikimedia Foundationun məlumatına görə ötən il istifadəçilər ingilisdilli Vikipediya məqalələrini oxumağa təxminən 2,4 milyard saat vaxt sərf ediblər.
Fondun açıqladığı illik statistikaya əsasən, ötən il Vikipediyada ən çox baxılan səhifə ABŞ-dan olan ifrat sağçı siyasi fəal Çarli Kirk haqqında olub. Yuta ştatında universitet mitinqi zamanı öldürülən Kirkə aid səhifəyə təxminən 45 milyon dəfə baxılıb. Siyahıda ikinci yerdə “2025-ci ildə ölənlər” mövzusu qərarlaşıb ki, bu da tanınmış şəxslərin vəfatının oxucu marağını artırdığını göstərir. Üçüncü yerdə isə amerikalı serial qatil Ed Ginin səhifəsi yer alıb. Onunla bağlı maraq “Netflix” platformasında yayımlanan Monster: The Ed Gein Story serialından sonra artıb.
Siyasi mövzular da oxucuların diqqət mərkəzində qalmaqda davam edib. ABŞ Prezidenti Donald Tramp dördüncü yerdə qərarlaşıb – onun səhifəsinə 25,1 milyon baxış olub. Altıncı yerdə “X”, “Tesla” və “SpaceX” şirkətləri ilə tanınan, həmçinin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) keçmiş rəhbəri Elon Mask yer alıb. Yeddinci sırada isə Nyu-Yorkun yeni meri Zöhran Məmdani qərarlaşıb.
Ən çox baxılan səhifələr sırasında Katolik Kilsəsinin yeni rəhbəri Papa XIV Leo da var. Onun Vikipediya səhifəsi ötən il 22,1 milyon dəfə oxunub. Bu göstərici 2025-ci il aprelin 21-də vəfat edən mərhum Papa Fransiskin nəticəsindən yüksəkdir. Papa Fransiskin səhifəsi ötən il 15,3 milyon baxışla 11-ci yerdə olub.
Mütəxəssislər qeyd edirlər ki, siyasi hadisələr, tanınmış şəxslər və rezonans doğuran ölümlər Vikipediyada oxucu marağını əsasən formalaşdıran amillərdir.
Monetar.az