Ermənistan və ABŞ arasında TRIPP ("Tramp Marşrutu" – Trump Route for International Peace and Prosperity) layihəsi üzrə çərçivə sazişi imzalanıb.
Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, sənəd mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfəri zamanı ilkin olaraq paraflanmışdı.
Nazirliyin paylaşdığı videogörüntülərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.
Ararat Mirzoyan bildirib ki, bir neçə gün əvvəl özü və ABŞ dövlət katibi Marko Rubio tərəfindən paraflanan sənəd daha sonra Vaşinqtonda imzalanaraq Ermənistan tərəfinə göndərilib.
"Dövlət katibi Rubio sazişi imzaladı, sənəd Ermənistana göndərildi və mən də Ermənistan tərəfi adından imzamı atdım", – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, bununla sənədin distant imzalanması prosesi yekunlaşıb və saziş ratifikasiya mərhələsinə hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, TRIPP layihəsinin regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.
MONETAR.AZ