29 sentyabr Beynəlxalq Ürək Günüdür

29 sentyabr Beynəlxalq

Bu gün dünyada ürək-damar xəstəlikləri ilə bağlı maarifləndirmənin artırılması məqsədilə Beynəlxalq Ürək Günü qeyd olunur.

Monetar.az xəbər verir ki, sentyabrın 29-u Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə 1999-cu ildə Beynəlxalq Ürək Günü kimi qəbul edilib. 2011-ci ildən etibarən bu gün dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.

Beynəlxalq Ürək Günü çərçivəsində sağlamlıq yoxlamaları, ictimai mühazirələr, elmi forumlar, sərgilər, yürüşlər və idman tədbirləri keçirilir. Günün əsas məqsədlərindən biri ürək-damar xəstəliklərinin qarşısının alınması ilə bağlı ictimai məlumatlılığı artırmaqdır.

Ürək-damar xəstəlikləri dünyada ölüm və əlilliyin əsas səbəbləri arasında yer alır. Bu xəstəliklərin yaranmasında yüksək qan təzyiqi, qanda xolesterin və qlükoza səviyyəsinin artması, tütün istifadəsi, artıq çəki, piylənmə, fiziki hərəkətsizlik və qeyri-sağlam qidalanma əsas risk amilləri hesab olunur.

Mütəxəssislər ürək-damar xəstəliklərinin profilaktikasına erkən yaşlardan başlanmasının vacibliyini bildirirlər. Sağlam qidalanma, fiziki fəallığın artırılması və tütün istifadəsindən uzaq durmaq ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.

Dünya Ürək Federasiyasının məlumatına görə sağlam həyat tərzinin formalaşdırılması və risk amillərinin azaldılması infarkt və insultla bağlı erkən ölümlərin qarşısının alınmasına kömək edə bilər.