Dövlət Miqrasiya Xidməti qulluğa qəbul üçün müsabiqə elan edib

Dövlət Miqrasiya Xidməti qulluğa qəbul üçün

Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğa qəbul olmaq istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib.

Müsabiqə test imtahanı və söhbət olmaqla iki mərhələdən ibarətdir. Ali təhsilə malik olan və vakant vəzifələrin tələblərinə cavab verən namizədlərin test imtahanında iştirak üçün qeydiyyatı sentyabrın 28-dən oktyabrın 28-dək aparılacaq.

Müsabiqə üzrə aşağıdakı vakant vəzifələr təqdim olunur:

  • Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi – 2 inspektor;
  • Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi – 1 inspektor;
  • Lənkəran regional miqrasiya idarəsi – 3 inspektor;
  • Şəki regional miqrasiya idarəsi – 3 inspektor;
  • Xaçmaz regional miqrasiya idarəsi – 1 inspektor;
  • Ağsu regional miqrasiya idarəsi – 2 inspektor;
  • Şirvan regional miqrasiya idarəsi – 1 inspektor;
  • Yevlax şəhər Müvəqqəti yerləşdirmə mərkəzi – 1 inspektor.

Vakant vəzifələr haqqında məlumat, vəzifələrin tutulma şərtləri və s. barədə  buradan  tanış ola bilərsiniz.

Müsabiqənin test imtahanı mərhələsi dekabrın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Namizədlərə qanunvericilik sahəsi üzrə 50, Azərbaycan dili üzrə 15, dünyagörüşü üzrə 15, məntiqi təfəkkürün müəyyənləşdirilməsi üzrə isə 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim ediləcək.

Hər düzgün cavab bir balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Test imtahanında 70 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

İmtahanı uğurla keçən namizədlər barədə məlumatlar Dövlət İmtahan Mərkəzi tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim ediləcək.

Namizədlərə imtahana hazırlıq məqsədilə test proqramı və ədəbiyyat siyahısı ilə əvvəlcədən tanış olmaq tövsiyə olunur.

İmtahanda iştirak etmək istəyən namizədlər Dövlət İmtahan Mərkəzinin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). 

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet saytında “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” pəncərəsində  “Azərbaycan Respublikasının miqrasiya orqanlarına qəbul üzrə imtahanda iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı namizədin ali təhsili haqqında məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını MyGov portalından Dövlət İmtahan Mərkəzinin Tələbə-məzun məlumatlarım keçidindən istifadə etməklə öyrənə bilərlər.

Qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan iştirakçıların sayı və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla kağız daşıyıcıda və ya elektron formada keçirilə bilər. Elektron imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda – Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında, TÜRKPA-nın yaxınlığında təşkil olunacaq. Kağız daşıyıcıda keçiriləcək imtahanın yeri və vaxtı isə namizədin buraxılış vərəqəsində göstəriləcək.

Bəzi namizədlər müsabiqənin test imtahanı mərhələsindən azad ediləcək və onlarla yalnız söhbət aparılacaq. Bu kateqoriyaya prokurorluqda və digər dövlət orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər, digər dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan şəxslər, eləcə də texnika və informasiya texnologiyaları sahəsində yüksək biliyə və təcrübəyə malik mütəxəssislər daxildir.

Test imtahanından azad edilən şəxslər tələb olunan sənədləri sentyabrın 28-dən oktyabrın 28-dək, şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına şəxsən təqdim etməlidirlər.

Sənədlər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanında qəbul ediləcək.

Namizədlərdən kadrlar uçotunun şəxsi vərəqəsi, ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsil haqqında sənədin surəti, kişilər üçün hərbi biletin surəti, olduğu təqdirdə əmək kitabçasının surəti və 3x4 santimetr ölçüdə iki fotoşəkil tələb olunur.