Əmək bazarının “ağarması” sosial sığorta daxilolmalarında artıma səbəb olub

Əmək bazarının “ağarması” sosial sığorta

2025-ci ildə Azərbaycanda əmək bazarında müşahidə olunan “ağarma” prosesi sosial sığorta və vergi daxilolmalarında rekord göstəricilərin əldə olunmasına şərait yaradıb. Dövlət Vergi Xidmətinin açıqladığı məlumatlara görə “ağarma” prosesi qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi, işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanması və real əməkhaqlarının gizlədilmədən rəsmiləşdirilməsi ilə xarakterizə olunur. Bu istiqamətdə əsas amillər sırasında 2025-ci il yanvarın 1-dən minimum əməkhaqqının 400 manata çatdırılması, qeyri-neft özəl sektorunda gəlir vergisi üzrə tətbiq olunan güzəştlər, habelə rəqəmsal nəzarət mexanizmlərinin gücləndirilməsi xüsusi rol oynayıb. Nağdsız dövriyyənin genişlənməsi isə “zərf daxilində maaş” praktikasının azalmasına səbəb olub.

2025-ci il üzrə göstəricilər daxilolmaların strukturunda ən yüksək artım templərinin məhz özəl, yəni qeyri-büdcə sektorunda qeydə alındığını təsdiqləyir. Belə ki, məcburi dövlət sosial sığorta üzrə daxilolmalar 6 milyard 448,3 milyon manata çataraq 2024-cü illə müqayisədə 11,9 faiz artıb. İcbari tibbi sığorta üzrə daxilolmalar 1,1 milyard manatı ötüb ki, bu da 10,5 faiz artım deməkdir. İşsizlikdən sığorta üzrə yığımlar isə 228,9 milyon manat təşkil edərək 10 faiz yüksəlib. Qeyri-büdcə sektorunda məcburi dövlət sosial sığorta daxilolmaları təxminən 4,3 milyard manata çatıb və bu sahədə artım tempi 12,2 faiz olub.

Əldə olunan bu nəticələr təkcə statistik göstərici deyil, eyni zamanda vətəndaşların sosial rifahına birbaşa təsir edən mühüm maliyyə mənbəyidir. Sosial sığorta daxilolmalarının artması Dövlət Sosial Müdafiə Fondunun maliyyə dayanıqlığını gücləndirir, pensiyaların indeksasiya olunaraq artırılması üçün əlavə imkanlar yaradır. İcbari tibmi sığorta üzrə yığımların artması səhiyyə müəssisələrində xidmət zərfinin genişlənməsinə və dərman təminatının yaxşılaşdırılmasına xidmət edir. İşsizlikdən sığorta fondunun güclənməsi isə işini itirən şəxslərin daha yüksək sığorta ödənişi almasına və peşə hazırlığı proqramlarının maliyyələşdirilməsinə şərait yaradır.

MONETAR.AZ