Əmək müqaviləsi 500 min nəfərə nələri qazandırıb?

Əmək müqaviləsi 500 min nəfərə

Bu il yanvarın 1-nə Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 895 min 378-ə çatıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayında 493 mindən çox artım qeydə alınıb. Xüsusilə qeyri-neft-qaz sektorunun özəl bölməsində müsbət dinamika müşahidə olunur. Bu sahədə əmək müqavilələrinin sayı 491 min 744 vahid artaraq 1 milyon 31 min 666 olub.

Mütəxəssislər bildirirlər ki, statistikada məhz 2019-cu illə müqayisənin aparılması təsadüfi deyil. Həmin dövr əmək bazarında köklü islahatların başlanğıc mərhələsi kimi qəbul olunur. Son illərdə əmək münasibətlərinin leqallaşdırılması, “kölgə məşğulluq”la mübarizə və vergi-sosial islahatlar nəticəsində rəsmi əmək müqavilələrinin sayı davamlı şəkildə artıb. Bu baxımdan 2019-cu il baza ili kimi götürülür və sonrakı artım islahatların real nəticəsini əks etdirir.

Qeyd olunur ki, əmək müqavilələrinin sayının 1,9 milyona yaxınlaşması təkcə dövlət büdcəsinə daxilolmaların artması ilə məhdudlaşmır. Bu göstərici eyni zamanda minlərlə vətəndaşın əmək hüquqlarının rəsmi şəkildə qorunduğunu ifadə edir.

Rəsmi əmək müqaviləsi olan şəxslər bank xidmətlərinə daha asan çıxış əldə edir, kredit və ipoteka imkanlarından yararlana bilirlər. Eyni zamanda, bu kateqoriyaya aid işçilər xəstəlik vərəqəsi, ödənişli məzuniyyət və işsizlikdən sığorta kimi sosial təminatlardan faydalanır. Uzunmüddətli dövrdə isə rəsmi məşğulluq vətəndaşların pensiya kapitalının formalaşmasına və gələcək sosial təminatının güclənməsinə xidmət edir.