İƏİT ölkələri arasında yeni valideynlər üçün ödənişli məzuniyyətin ümumi müddəti ən uzun Slovakiyadadır. Ölkədə bir uşaq üçün analıq, atalıq və bölüşdürülən məzuniyyətlər birlikdə 192 həftəyə çatır.
Monetar.az xəbər verir ki, İƏİT məlumatları əsasında hazırlanan araşdırmada 38 ölkədə valideynlər üçün ödənişli məzuniyyət imkanları müqayisə edilib.
Slovakiyadan sonra Finlandiya 177,2 həftə, Macarıstan isə 170,8 həftə ilə qərarlaşıb.
Cənubi Koreyada bu göstərici 118,9 həftə, Latviyada 104,7 həftə, Norveçdə 101 həftə, Litvada 92,1 həftə, Yunanıstanda isə 91,7 həftə təşkil edib.
İƏİT üzrə orta göstərici 65 həftədir. Bunun 25 həftəsi analıq, 13 həftəsi atalıq, 27 həftəsi isə valideynlər arasında bölüşdürülə bilən məzuniyyətin payına düşür.
Digər ölkələrdə də göstəricilər əhəmiyyətli dərəcədə fərqlənir. Fransada ümumi ödənişli məzuniyyət 72,2 həftə, Almaniyada 66,7 həftə, Yaponiyada 66 həftə, Polşada 63 həftə, İtaliyada 62,7 həftə, Kanadada isə 56 həftədir. Böyük Britaniyada bu göstərici 39 həftə, Avstraliyada isə 22 həftə təşkil edir.
Cənubi Koreya atalar üçün ayrılan ödənişli məzuniyyətin müddətinə görə də diqqət çəkir. Ölkədə atalar üçün 54 həftə nəzərdə tutulur. İƏİT üzrə orta göstərici isə 13 həftədir.
ABŞ isə İƏİT ölkələri arasında milli səviyyədə ödənişli valideyn məzuniyyəti sistemi olmayan yeganə ölkədir. Bununla belə, ayrı-ayrı ştatlarda və şirkətlərdə ödənişli məzuniyyət proqramları tətbiq edilir.
Araşdırmada qeyd olunur ki, valideyn məzuniyyətləri yalnız ailələrin uşağın doğulmasından sonrakı dövrdə daha çox vaxt keçirməsinə deyil, valideynlərin əmək bazarında fəaliyyətini davam etdirməsinə də təsir göstərə bilər.