Microsoft Surface Hub interaktiv ekranlarının istehsalını dayandırıb

Microsoft Surface Hub interaktiv ekranlarının

Microsoft korporativ interaktiv displeylər xətti olan Surface Hub seriyasının inkişafını dayandırıb. Son nəsil olan Surface Hub 3 modelinin istehsalı başa çatdırılıb, növbəti versiyanın buraxılışı ilə bağlı planlar isə tamamilə ləğv edilib. Bu barədə Windows Central nəşri məlumat yayıb.

Buna baxmayaraq, cihazlar hələ də tərəfdaşlar və pərakəndə satış şəbəkələrində mövcuddur. Lakin anbar qalıqları satıldıqdan sonra bu məhsul xətti bazardan tamamilə yox olacaq. Surface Hub əsasən korporativ müştərilər üçün nəzərdə tutulmuşdu və iclas otaqlarında birgə iş üçün böyük ekran kimi istifadə edilirdi.

Surface Hub 3 50 və 85 düymlük versiyalarda təqdim olunurdu və displeyi dəyişmədən hesablama modulunu yeniləmək imkanı ilə seçilirdi. Bundan əlavə, cihaz ekranın çevrilməsini və müxtəlif orientasiyalarda işləməyi dəstəkləyirdi. Lakin qeyd olunur ki, bu xüsusiyyətlər belə məhsul xəttini qoruyub saxlamağa kifayət etməyib.

Bununla yanaşı, Surface Hub 3 sahibləri 2030-cu ilə qədər əməliyyat sistemi və proqram təminatı yeniləmələrini almaqda davam edəcəklər.

Bu qərar Microsoft-un daha geniş strategiyasının bir hissəsidir. Şirkət eksperimental cihazların bir qismini, o cümlədən Surface Duo smartfonunu və digər qeyri-standart məhsulları dayandıraraq diqqətini Surface Pro və Surface Laptop kimi əsas məhsul xətlərinin inkişafına yönəldir.

MONETAR.AZ