Avropada miqrasiya ilə bağlı yeni tendensiya diqqət çəkir. Məlumata görə bəzi Avropa ölkələri yalnız xaricdən gələn miqrant axını ilə deyil, həm də öz vətəndaşlarının ölkəni tərk etməsi ilə üzləşir.
Avropa Statistika İdarəsinin (Eurostat) məlumatları əsasında hazırlanan araşdırmada 2024-cü ildə doğma ölkəsində yaşayan vətəndaşların miqrasiya balansı müqayisə olunub. Nəticələrə əsasən, yalnız Litva və Bolqarıstan öz doğma vətəndaşlarının geri qayıtması baxımından müsbət göstərici göstərib.
Ən yüksək müsbət göstərici Litvada qeydə alınıb. Ölkədə hər 1000 nəfərə 2,67 nəfər hesabı ilə doğma vətəndaşların geri dönüşü üstün olub. Bolqarıstanda isə bu göstərici 0,88 təşkil edib.
Ən çox vətəndaş itkisi yaşayan ölkələr arasında Lüksemburq, Belçika, İsveç, Estoniya və Rumıniya yer alıb. Böyük Avropa iqtisadiyyatlarından Almaniya, İtaliya və Niderland da mənfi miqrasiya balansı ilə qarşılaşıb.
Araşdırmaya görə, avropalıların ölkə dəyişməsinin əsas səbəbləri sırasında daha yüksək maaş, karyera imkanları, yaşayış şəraiti və mənzil qiymətləri dayanır. Xüsusilə gənc və yüksək ixtisaslı mütəxəssislər daha yaxşı imkanlar üçün başqa ölkələrə üz tuturlar.
Şərqi və Cənubi Avropa ölkələrindən Qərbi Avropaya uzun illər davam edən əmək miqrasiyası regionda demoqrafik dəyişiklikləri gücləndirib.
Ekspertlər bildirirlər ki, əhalinin yaşlanması və aşağı doğum səviyyəsi fonunda yüksək ixtisaslı insanların ölkədən getməsi gələcəkdə əmək bazarında çatışmazlıq, iqtisadi artımın zəifləməsi və innovasiya imkanlarının azalması kimi problemlər yarada bilər.
MONETAR.AZ