Prezident İlham Əliyev Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Sənədə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi məktəblərində, incəsənət məktəblərində, rəssamlıq məktəblərində və digər bu tip dövlət təhsil müəssisələrində çalışan müəllimlərin nəzəri və praktik biliklərinin qiymətləndirilməsi artıq attestasiyalar vasitəsilə deyil, xüsusi qaydalar əsasında sertifikatlaşdırma yolu ilə həyata keçiriləcək. Bu yanaşma prosesin şəffaflığını, nəticələrin müqayisəliliyini və yüksək etibarlılığını təmin edəcək.
Eyni zamanda sertifikatlaşdırma prosesi ixtisas üzrə biliklərin mütəmadi yenilənməsini nəzərdə tutur. Bu isə müəllimlərin davamlı peşəkar inkişafını stimullaşdıracaq, onların bilik və bacarıqlarının daim artırılmasına şərait yaradacaq.
Nazirlər Kabinetinə üç ay müddətində sertifikatlaşdırmanın keçirilməsi qaydalarını təsdiqləmək və bu barədə prezidentə məlumat vermək tapşırılıb.