Azərbaycanda dövlət satınalmaları sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi gündəmə gəlib. Hesablama Palatası 2025-ci il üzrə fəaliyyət hesabatında “Dövlət satınalmaları haqqında” qanunun əhatə dairəsinə yenidən baxılmasını təklif edib.
Qurumun qənaətinə görə, aparılan nəzarət tədbirləri və təhlillər göstərir ki, bəzi hallarda mövcud prosedurların tətbiqi ya çətin, ya da praktik baxımdan qeyri-mümkün olur. Bu isə satınalma mexanizmlərinin daha çevik və effektiv şəkildə yenidən qurulmasını zəruri edir.
Təkliflərdən biri icbari sığorta xidmətləri ilə bağlıdır. Bildirilir ki, sığortalıların sığortaçı seçməkdə sərbəst olması nəzərə alınaraq bu sahədə daha fərqli və spesifik yanaşma tətbiq olunmalıdır.
Bundan əlavə, ekspert və mütəxəssis xidmətlərinin alınması ilə bağlı da dəyişiklik təklif edilir. Qeyd olunur ki, bu xidmətlər artıq normativ qaydalarla tənzimləndiyindən və qiymətləri əvvəlcədən müəyyən olunduğundan, onların birbaşa satınalma yolu ilə həyata keçirilməsi daha məqsədəuyğun ola bilər.
Palata yanacaq və rabitə xidmətləri üzrə də mövcud mexanizmlərin effektiv olmadığını vurğulayır. Belə ki, bu sahələrdə qiymətlərin nisbətən sabit olması və bazarda təchizatçı marağının aşağı olması səbəbindən tender prosedurları çox vaxt nəticəsiz qalır.
Həmçinin aşağı məbləğli satınalmalar üzrə eyni mürəkkəb prosedurların tətbiqinin səmərəliliyi azaltdığı qeyd olunur. Bu istiqamətdə daha sadələşdirilmiş yanaşmaların tətbiqi zəruri hesab edilir.
Ümumilikdə, Hesablama Palatası hesab edir ki, təklif olunan dəyişikliklər dövlət satınalmalarının daha operativ, çevik və effektiv həyata keçirilməsinə imkan verə bilər.
MONETAR.AZ