Bakının ipoteka xəritəsi: şəhər mərkəzində kreditləşmə azalır

Bakının ipoteka xəritəsi:

 Bakı şəhəri son onilliklər də böyük urbanizasiya dalğası yaşayır. İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi 44 048 ipoteka kreditinin statistikası paytaxtın sosial və iqtisadi coğrafiyasındakı dəyişiklikləri açıq şəkildə göstərir.

Verilən ipoteka kreditlərinin böyük hissəsi yalnız Xətai və Yasamal rayonlarına düşür. Xətai rayonunda 9 693 kredit verilib və bu, rayonun “Ağ Şəhər” layihəsi və köhnə sənaye zonalarının müasir yaşayış kompleksləri ilə əvəzlənməsinin nəticəsidir. Geniş yol infrastrukturu və dənizə çıxış Xətaini gənclər üçün “Bakının yeni mərkəzi” statusuna yüksəldib. Yasamal rayonunda isə 8 632 kredit verilib. Burada əsas səbəb MİDA-nın sosial mənzil layihələridir. Yasamal həm tələbə şəhərciyi olması, həm də mərkəzə yaxınlığı ilə ipoteka alıcıları üçün cəlbedici seçimdir.

Bundan başqa, Suraxanı və Binəqədi rayonları da ipoteka alıcıları arasında aktivdir. Xüsusilə Hövsan qəsəbəsində tikilən iri yaşayış kompleksləri bu rayonları orta təbəqə üçün əlçatan mənzil limanına çevirib. Əvvəllər ipoteka adətən şəhər mərkəzi rayonlarda nəzərdə tutulurdu, indi isə kənar rayonlar da gənc ailələr üçün seçimdir.

Mərkəzi rayonlarda, məsələn, Səbail, Nəsimi və Nərimanovda ipoteka sayının azlığı isə qiymət bariyeri ilə bağlıdır. Fondun müəyyən etdiyi maksimum kredit məbləği mərkəzi rayonlardakı mənzil qiymətinin yalnız bir hissəsini ödəməyə imkan verir. Səbail rayonunda ipoteka ilə ev almaq çox vaxt əlçatmazdır və burada daha çox nağd alışlar və ya özəl bank kreditləri üstünlük təşkil edir.

Pirallahı rayonunda yalnız 47 kredit verilməsi isə ərazinin fərdi yaşayış evləri ilə bağlıdır. İpoteka sistemi əsasən çoxmərtəbəli binalara fokuslandığı üçün bu cür rayonlar statistika baxımından az təmsil olunur.

Ümumilikdə, bu rəqəmlər göstərir ki, Bakının inkişaf vektoru Xətai-Hövsan istiqamətində Şərqə və Yasamal-Binəqədi istiqamətində Qərbə doğru genişlənir. Mərkəz artıq əsasən işləmək üçün seçilir, yeni zonalar isə yaşamaq üçün daha cəlbedicidir. Gənc nəsil həm kredit limitlərinə uyğun, həm də müasir infrastruktur təklif edən kənar rayonlara üstünlük verir. Əgər ipoteka limitləri artırılmasa, mərkəzi rayonların payı daha da azalacaq, kənar rayonlardakı pay isə sosial mənzil layihələri sayəsində artmağa davam edəcək.

MONETAR.AZ