Dövlət Qulluğu Məcəlləsi III oxunuşda qəbul edildi

    Dövlət Qulluğu Məcəlləsi

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Monetar.az  xəbər verir ki, yeni Məcəllə dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarının vahid normativ-hüquqi aktda birləşdirilməsini nəzərdə tutur.

Məcəllənin qüvvəyə minməsi ilə “Dövlət qulluğu haqqında” Qanunla yanaşı, dövlət qulluqçularının iş vaxtı, vəzifə maaşlarına yerli və artıq əmsalların tətbiqi, Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyəti və etik davranış qaydaları ilə bağlı bir sıra qanunların qüvvədən düşməsi nəzərdə tutulur.

Digər normativ-hüquqi aktlar Məcəlləyə uyğunlaşdırılanadək yalnız onun müddəalarına zidd olmayan hissədə tətbiq ediləcək.

Yeni Məcəllə əvvəlki qanunvericilik əsasında əldə edilmiş bəzi hüquqların qorunmasını da nəzərdə tutur. Belə ki, hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən verilmiş və etibarlılıq müddəti başa çatmamış dövlət qulluğu sertifikatları hüquqi qüvvəsini saxlayacaq. Həmin sertifikatlara malik şəxslər sənədin qüvvədə olduğu müddətdə yeni Məcəlləyə əsasən keçirilən müsahibələrdə iştirak edə biləcəklər.

Məcəlləyə əlavələrdə dövlət qulluğu ilə bağlı sənədlərin nümunəvi formaları da müəyyənləşdirilir. Bunlara vəzifə təlimatı, stajorluq və sınaq müddəti, eləcə də daimi əsaslarla dövlət qulluğuna təyin edilmiş şəxslərlə bağlanan əmək müqavilələrinin nümunələri daxildir.

Bundan başqa, müsahibədə iştirak üçün müraciət forması və dövlət qulluqçusunun andının mətni də Məcəllədə təsbit olunur.

Beləliklə, yeni Məcəllə dövlət qulluğu ilə bağlı hüquqi normaların vahid sənəddə sistemləşdirilməsini və mövcud qanunvericiliyin mərhələli şəkildə yeni qaydalara uyğunlaşdırılmasını hədəfləyir.