Azərbaycanda təhsil sektoruna ayrılan dövlət büdcəsi vəsaitlərinin 2030-cu ilədək artacağı proqnozlaşdırılır. Monetar.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, təhsil xərclərinin 2027-ci ildəki 5 milyard 98,9 milyon manatdan 2030-cu ildə 5 milyard 217,3 milyon manata yüksələcəyi gözlənilir.
Ortamüddətli büdcə proqnozlarına əsasən, təhsil xərcləri 2028-ci ildə 5 milyard 117,2 milyon manat, 2029-cu ildə 5 milyard 167,3 milyon manat təşkil edəcək.
Beləliklə, 2027–2030-cu illərdə təhsil xərclərinin 118,3 milyon manat və ya təxminən 2,3% artması nəzərdə tutulur.
Təhsil sektorunda ən böyük xərc istiqamətlərindən biri ümumi təhsildə tədris keyfiyyətinin, şagird nəticələrinin və idarəetmənin səmərəliliyinin artırılması proqramıdır. Bu istiqamət üzrə hər il 2 milyard 820,8 milyon manat vəsait ayrılması proqnozlaşdırılır.
Məktəbəqədər təhsil üzrə xərclərin isə 2027–2030-cu illərdə hər il 467,8 milyon manat səviyyəsində saxlanılması nəzərdə tutulur.
Ali təhsildə keyfiyyətin, əlçatanlığın və rəqabətliliyin artırılması proqramına 2027-ci ildə 837,9 milyon manat, 2028–2030-cu illərdə isə təxminən 838,1 milyon manat ayrılması proqnozlaşdırılır.
Təhsil sisteminin rəqəmsallaşdırılması üzrə xərclərin də növbəti illərdə dəyişməyərək hər il 64,4 milyon manat təşkil edəcəyi gözlənilir.