Əczaçılıq sektorunda rəqəmsallaşma: Elektron resept və İzləmə Sistemi

Əczaçılıq sektorunda rəqəmsallaşma: Elektron resept və

Əczaçılıq sahəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ölkədə Elektron resept platforması istifadəyə verilib. Bununla yanaşı, mərhələli şəkildə Təqib və İzləmə Sisteminin tətbiqinə də başlanılıb.

Bu barədə səhiyyə naziri Teymur Musayev “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. 

Nazir qeyd edib ki, ilkin mərhələdə psixotrop və güclü təsirə malik dərman vasitələrinin izlənilməsi təmin edilib. Qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, eləcə də topdan və pərakəndə əczaçılıq şəbəkələri sistemə inteqrasiya olunaraq vahid koordinasiya mexanizmi formalaşdırılıb.Onun sözlərinə görə, sistemin əsas məqsədi əhalinin sağlamlığının qorunması ilə yanaşı, nəzarət orqanları üçün effektiv monitorinq imkanlarının yaradılması və sahibkarlar üçün biznes proseslərinin sadələşdirilməsidir. Bu isə ümumilikdə səhiyyə sistemində səmərəliliyin artırılmasına xidmət edir.

Teymur Musayev həmçinin bildirib ki, əczaçılıq sektorunda aparılan islahatlar təhsil sahəsində də yenilikləri zəruri edib. Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş Əczaçılıq təhsilinin İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsi elmi-tədqiqat istiqamətində fəaliyyətini genişləndirib.Nazirin sözlərinə görə, “Əczaçılıq kimyası” kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir laboratoriya yaradılıb, tələbələrin istehsalat təcrübəsi üçün isə ölkədə fəaliyyət göstərən əczaçılıq müəssisələri baza kimi istifadə olunur.

O, həmçinin xatırladıb ki, Azərbaycan Tibb Universiteti ilə xarici tərəfdaşlar - “Scandens”, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli memorandum çərçivəsində əczaçılıq və qeyri-əczaçılıq ixtisasları üzrə təlim və təcrübə proqramlarının həyata keçirilməsi planlaşdırılır. Nazir əlavə edib ki, aparılan islahatlar nəticəsində dərman vasitələrinin keyfiyyətli və təhlükəsiz şəkildə əhaliyə çatdırılması təmin olunur, sektorun inkişafı isə ümumilikdə vətəndaşların rifahına müsbət təsir göstərir.

Onun sözlərinə görə, qlobal çağırışlar və texnoloji yeniliklər fonunda əczaçılıq sənayesinin inkişafı ölkədə dərman təminatının güclənməsinə və iqtisadi sabitliyə töhfə verir.

MONETAR.AZ