Müalicə xərcləri artır: stomatoloji xidmətlər daha çox bahalaşıb

Müalicə xərcləri artır: stomatoloji xidmətlər

Azərbaycanda tibbi və stomatoloji xidmətlərin qiymətində artım qeydə alınıb.

Monetar.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında tibbi xidmətlərin qiymət indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 106,6 faiz təşkil edib. Beləliklə, qiymətlər 6,6 faiz artıb.

Stomatoloji xidmətlər üzrə qiymət indeksi 107,5 faiz, xəstəxana xidmətləri üzrə isə 103,7 faiz olub. Bu, müvafiq olaraq 7,5 və 3,7 faizlik qiymət artımı deməkdir.

Digər xidmət sahələrində də bahalaşma müşahidə olunub. Bərbərxana və kosmetoloji xidmətlərin qiyməti 9,3 faiz, restoran və kafelərdə yeməklə təminetmə xidmətlərinin qiyməti 7,5 faiz, ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinin qiyməti isə 7,4 faiz yüksəlib.

Ümumilikdə, xidmətlər üzrə qiymət indeksi hesabat dövründə 105,5 faiz təşkil edib.