Azərbaycan dünyanın aparıcı fındıq istehsalçıları və ixracatçıları sırasında yer alır. Ölkənin əsas ixrac məhsullarından biri hesab olunan fındıq hər il Azərbaycan iqtisadiyyatına milyonlarla dollar gəlir gətirir.
Bu barədə Çinin nüfuzlu “Sinxua” informasiya agentliyinin dərc etdiyi materialda məlumat verilib.
Məlumata əsasən, Azərbaycanın “Aqrarco” şirkəti Çinin idxal olunan ərzaq məhsullarının qeydiyyat sistemi olan CIFER-də uğurla qeydiyyatdan keçərək bu ölkəyə fındıq ixrac etmək hüququ qazanan ilk Azərbaycan şirkəti olub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İdxal və İxraca Nəzarət Şöbəsinin müdiri Əkbər Əliyev “Sinxua” agentliyinə açıqlamasında bildirib ki, “Aqrarco”nun Çinə ləpə halında fındıq ixracı üçün lisenziya əldə etməsi Azərbaycan məhsullarının Çin bazarına çıxışının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu addım yerli istehsalçıların ixrac imkanlarının artırılmasına da töhfə verəcək.
Qeyd olunub ki, 2025-ci ilin sentyabrında Bakı və Pekin arasında Azərbaycan fındığı və badamının Çin bazarına ixracını nəzərdə tutan protokol imzalanıb. Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Çin tərəfinin müraciəti əsasında Çinə məhsul ixrac etmək istəyən şirkətlərin istehsal müəssisələrində yoxlamalar aparıb və nəticələri Çin tərəfinə təqdim edib.
Yoxlamaların yekununda “Aqrarco” şirkəti CIFER sistemində qeydiyyatdan keçərək Çinə ləpə halında fındıq ixracı üçün rəsmi lisenziya əldə edib. Bu qərarın gələcəkdə digər Azərbaycan istehsalçılarının da Çin bazarına çıxışını asanlaşdıracağı gözlənilir.
MONETAR.AZ