ABŞ-da son tələbat üzrə istehsalçı qiymətləri avqust ayında əvvəlki ayla müqayisədə 0,4 faiz artıb. Göstərici analitiklərin proqnozları ilə üst-üstə düşsə də, iyulda qeydə alınan 0,1 faizlik artımdan daha yüksək olub.
Əmək Nazirliyinin Əmək Statistikası Bürosunun açıqladığı məlumatlara əsasən, İstehsalçı Qiymətləri İndeksində (PPI) malların qiyməti 1,1 faiz, xidmətlərin qiyməti isə 0,1 faiz yüksəlib.
Avqustda malların qiymətindəki artımın üçdə birindən çoxu dizel yanacağının bahalaşması ilə bağlı olub. Dizelin qiyməti ay ərzində 24,1 faiz artıb. Bununla yanaşı, benzin, aviasiya yanacağı və qızdırıcı mazutun qiymətlərini əks etdirən indekslərdə də yüksəliş qeydə alınıb.
Xidmətlər üzrə qiymətlər isə ardıcıl üçüncü ay artıb. Bu artım əsasən son tələbat üzrə daşınma və anbar xidmətlərinin bahalaşması ilə əlaqələndirilir. Portfel idarəetməsi haqları 1,8 faiz azalsa da, aviabiletlərin qiyməti 0,8 faiz yüksəlib. Hər iki göstərici Federal Ehtiyat Sisteminin (FES) üstünlük verdiyi inflyasiya indikatorlarından biri olan şəxsi istehlak xərcləri (PCE) qiymət indeksinin hesablanmasında nəzərə alınır.
Avqust ayı da daxil olmaqla son 12 ay ərzində ABŞ-da ümumi PPI 5,4 faiz təşkil edib. Bu göstərici iyuldakı 4,8 faizdən və bazar gözləntilərindəki 5,3 faizdən yüksəkdir.
Ərzaq, enerji və ticarət xidmətlərinin qiymətləri nəzərə alınmadıqda isə istehsalçı qiymətləri avqustda 0,3 faiz artıb. İyulda bu göstərici 0,4 faiz təşkil etmişdi. İllik ifadədə baza PPI 4,7 faizə çatıb.
PPI hesabatı ABŞ-da inflyasiyanın gedişatına dair əsas göstəricilərdən biri kimi qiymətləndirilir. Məlumatların ardınca cümə günü istehlakçı qiymətləri ilə bağlı göstəricilərin açıqlanması gözlənilir. Bu rəqəmlər FES-in gələn həftə faiz dərəcələri ilə bağlı qərarına təsir göstərə biləcək əsas amillər sırasında yer alır.
Bazar iştirakçıları hazırda FED-in faiz dərəcəsini artırması ehtimalını təxminən 64 faiz səviyyəsində qiymətləndirirlər. Yaxın Şərqdə yeddinci aydır davam edən münaqişənin son dövrdə daha da kəskinləşməsi enerji daşıyıcılarının qiymətlərini yüksəldərək inflyasiya ilə bağlı narahatlıqları artırıb. Bu baxımdan istehsalçı qiymətlərində artımın sürətlənməsi ABŞ-da pul-kredit siyasətinin gələcək istiqaməti ilə bağlı qeyri-müəyyənliyi də gücləndirir.