“Bloomberg Billionaires Index”in 11 sentyabr tarixinə olan reytinqinə əsasən, dünyanın ən varlı insanlarının ilk onluğunda yalnız amerikalılar yer alıb. Siyahıda ilk 10-luqda qərarlaşan milyarderlərin 9-u texnologiya sahəsi ilə əlaqələndirilir.
Reytinqdə yalnız “Berkshire Hathaway” investisiya şirkətinin təsisçisi Uorren Baffet “çoxsahəli biznes” kateqoriyasına daxil edilib. Bununla belə, onun sərvətinin əhəmiyyətli hissəsinin yüksək texnologiya şirkətlərinə yatırılan investisiyalar hesabına formalaşdığı qeyd olunur.
“LVMH” lüks brendlər qrupunun rəhbəri, fransalı milyarder Bernar Arnonun ilk onluqdan çıxması ilə siyahının ilk 10 pilləsi tamamilə ABŞ vətəndaşlarından ibarət olub. Arnonun sərvəti son hesabat dövründə 1,7 milyard dollar azalaraq 143 milyard dollara düşüb. O, hazırda reytinqdə 11-ci yerdədir. İlin əvvəlindən etibarən fransalı milyarderin sərvəti təxminən 65 milyard dollar azalıb.
İlk pillədə isə böyük fərqlə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask qərarlaşıb. Onun sərvəti 919 milyard dollar qiymətləndirilir. Mask ilin əvvəlindən sərvətini 299 milyard dollar artırıb.
İkinci sırada “Google”un həmtəsisçisi Larri Peyc 286 milyard dollar sərvətlə yer alır. O, ilin əvvəlindən sərvətini 17 milyard dollar artırıb.
“Amazon”un təsisçisi Ceff Bezos isə 274 milyard dollarlıq sərvətlə üçüncü pillədə qərarlaşıb. Bezosun sərvəti də ilin əvvəlindən 20,4 milyard dollar artıb.
MONETAR.AZ