Böyük Britaniya "SpaceX"in peyk xidmətlərinə 40 milyon dollar xərcləyib

Böyük Britaniya "SpaceX"in peyk xidmətlərinə

Böyük Britaniya ABŞ-dan kənarda “SpaceX” şirkətinin hərbi və kəşfiyyat məqsədli peyk rabitəsi xidməti olan “Starshield”dən istifadə etdiyini rəsmi şəkildə təsdiqləyən ilk ölkə olub. Ölkənin Müdafiə Nazirliyi xidmətə indiyədək təxminən 40 milyon dollar xərcləndiyini açıqlayıb.

Reuters xəbər verir ki, Britaniya Müdafiə Nazirliyi bu məlumatı informasiya azadlığı sorğusuna cavab olaraq yayıb. Qurumun məlumatına görə, hazırda ölkənin silahlı qüvvələri təxminən 1 000 “Starshield” və 500 “Starlink” terminalından istifadə edir. Ümumi xərclərin təxminən 13 milyon funt-sterlinqi (17,6 milyon dollar) “Starshield”ə, 16,5 milyon funt-sterlinqi isə “Starlink”ə yönəldilib.

Böyük Britaniya “Starlink” xidmətindən 2022-ci ilin ortalarından istifadə etməyə başlayıb. Lakin sonradan əməliyyat və hərbi rabitə “Starshield” platformasına keçirilib. Bu qərar “SpaceX”in “Starlink” xidmətindən istifadənin yalnız şəxsi heyətin mənəvi dəstəyi, asudə vaxt, istirahət və təlim məqsədləri ilə məhdudlaşdırılmasından sonra qəbul edilib.

Britaniya Müdafiə Nazirliyinin bildirdiyinə görə, “Starshield” daha güclü şifrələmə, hərbi məqsədlərə uyğun xidmət şərtləri, şəbəkəyə ən yüksək prioritetlə çıxış, daha çevik lisenziyalaşdırma və genişləndirilmiş əhatə imkanları təqdim edir. Sistem “Starlink”lə eyni peyk qruplaşmasından istifadə etsə də, xüsusi terminallar və ayrıca yerüstü şəbəkə keçidləri vasitəsilə fəaliyyət göstərir.

Böyük Britaniya ilk xüsusi “Starshield” terminallarını 2025-ci ildə əldə edib. Bundan əvvəl isə 2024-cü ildən mövcud “Starlink” terminalları üzərindən “Starshield” xidmətindən istifadə etməyə başlayıb.

“Starshield”in tarifləri adi “Starlink” xidmətləri ilə müqayisədə əhəmiyyətli dərəcədə bahadır. Böyük Britaniyada xidmətin iki tarif planı mövcuddur. Beş terabaytlıq məlumat paketinin aylıq qiyməti 5 500 funt-sterlinq, limitsiz paket isə ayda 25 000 funt-sterlinq təşkil edir. Müqayisə üçün, Böyük Britaniyada “Starlink”in korporativ müştəriləri iki terabayt qlobal məlumat üçün ayda 1 830 funt-sterlinq ödəyirlər.

“Starshield” terminallarının qiyməti isə 4 000–7 000 funt-sterlinq arasında dəyişir. Bu, onların “Starlink”in biznes terminallarından ən azı iki dəfə baha olduğunu göstərir.

Yeni Zelandiya da “Starshield” texnologiyasını sınaqdan keçirir. Ölkənin Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, xidmətin hərbi əməliyyatların dəstəklənməsində nə dərəcədə effektiv olduğu qiymətləndirilir.

“SpaceX”in son rüblük nəticələrinə əsasən, ABŞ hökumətinin müxtəlif illəri əhatə edən “Starshield” müqavilələrinin ümumi dəyəri 6 milyard dollardan çoxdur. Bu məbləğin böyük hissəsi ABŞ Kosmik Qüvvələrinin aşağı Yer orbitində peyk qruplaşmalarının yaradılmasını nəzərdə tutan iki iri proqramı çərçivəsində formalaşıb.

Böyük Britaniya bununla yanaşı, özünün “Skynet” hərbi peyk rabitəsi sistemini də idarə edir və Fransada yerləşən “Eutelsat” şirkətində paya sahibdir.

MONETAR.AZ