Birləşmiş Ərəb Əmirlikləri Almaniyaya 40 milyard avro investisiya yatıracaq

Birləşmiş Ərəb Əmirlikləri Almaniyaya 40 milyard avro

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Avropa ilə strateji və iqtisadi tərəfdaşlığını daha da gücləndirmək məqsədilə Almaniyaya 40 milyard avro, yəni təxminən 46 milyard dollar həcmində investisiya yatırmağı planlaşdırır.

BƏƏ-nin Sənaye və Yüksək Texnologiyalar naziri Sultan əl-Cabir “Bloomberg News”a açıqlamasında Almaniyanı uzun illərdir ölkənin mühüm strateji və iqtisadi tərəfdaşlarından biri kimi xarakterizə edib. Onun sözlərinə görə, 40 milyard avroluq investisiya planı Əbu-Dabinin Berlinlə əməkdaşlığı uzunmüddətli perspektivdə daha da inkişaf etdirmək niyyətini nümayiş etdirir.

Nazir bildirib ki, razılaşma Almaniyanın aparıcı sənaye və texnologiya şirkətləri ilə birgə investisiya layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar yarada bilər. Eyni zamanda, BƏƏ-nin strateji sahələrdə mövqeyinin gücləndirilməsi və Fars körfəzi, Asiya və Afrikanın sürətlə böyüyən bazarlarına yönəlmiş yeni bizneslərin yaradılması da planın əsas istiqamətləri sırasındadır. Bununla belə, əl-Cabir investisiyaların hansı konkret sahələrə və şirkətlərə yönəldiləcəyini açıqlamayıb.

BƏƏ-nin iqtisadiyyatın şaxələndirilməsi strategiyasında data-mərkəzləri və süni intellekt xüsusi əhəmiyyət daşıyır. Ölkə sürətlə böyüyən bu sahələrdə qlobal mövqeyini möhkəmləndirməyə və texnoloji imkanlarını genişləndirməyə çalışır.

Almaniyaya nəzərdə tutulan böyük həcmli investisiya BƏƏ-nin Avropadakı iqtisadi əlaqələrini dərinləşdirmək strategiyasının mühüm elementlərindən biri kimi qiymətləndirilir. Eyni zamanda, ABŞ-dan kənarda müdafiə və strateji əlaqələrin genişləndirilməsi də regionda İranla artıq yeddinci ayına daxil olan müharibənin davam etdiyi bir vaxtda Əbu-Dabi üçün daha böyük əhəmiyyət qazanır.

MONETAR.AZ