İndiyədək Azərbaycanın mövcud neft-qaz infrastrukturu vasitəsilə Türkiyəyə və Türkiyə üzərindən beynəlxalq bazarlara 561 milyon ton neft və 196 milyard kubmetr qaz tədarük edilib.
AZƏRTAC xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, qeyd olunan dövr ərzində Türkiyəyə ümumilikdə 130 milyard kubmetr Azərbaycan qazı nəql olunub. Bunun 40 milyard kubmetri TANAP vasitəsilə həyata keçirilib.
Pərviz Şahbazov bildirib ki, yalnız 2026-cı ilin ilk 8 ayında Türkiyəyə 6,2 milyard kubmetr, Türkiyə üzərindən Avropa ölkələrinə 7,5 milyard kubmetr, Suriyaya isə 1 milyard kubmetr Azərbaycan qazı göndərilib.
Beləliklə, Türkiyə Azərbaycanın enerji resurslarının həm regional, həm də beynəlxalq bazarlara çıxarılmasında əsas tranzit və tərəfdaş ölkələrdən biri olaraq mövqeyini qoruyur.