Sinopec İqtisadiyyat və İnkişaf İnstitutunun proqnozuna görə, 2026-cı ildə ölkədə neft istehlakı gündəlik 600 min barel, yaxud əvvəlki illə müqayisədə 8,9% azalacaq.
Proqnoz dünyanın ən böyük neft idxalçısı olan Çində neft tələbatının pik həddinin artıq geridə qalması fonunda açıqlanıb. Sinopec hesab edir ki, ölkədə neftə tələbat 2025-ci ildə maksimum səviyyəyə çatıb. Göstəricinin 2030-cu ilədək 750 milyon tondan aşağı, 2060-cı ilə doğru isə təxminən 300 milyon tona qədər azalacağı gözlənilir.
Neft istehlakındakı geriləmənin əsas səbəbləri xam neftin yüksək qiymətləri və elektromobillərin sürətlə yayılması ilə əlaqələndirilir.
Sektorlar üzrə proqnozlar da yanacaq tələbatında ciddi dəyişikliklərə işarə edir. Belə ki, 2026-cı ildə benzinə tələbatın illik ifadədə 8,7%, dizel yanacağına tələbatın isə 11,4% azalacağı gözlənilir. Aviasiya kerosininə tələbatın isə əksinə, 1,3% artacağı proqnozlaşdırılır.
Sinopec-in məlumatına görə, Çinin neft emalı gücü 2026-cı ildə illik 952 milyon ton səviyyəsinə çatıb. Ölkədə xam neft emalının həcmi ikinci və üçüncü rüblərdə illik müqayisədə 5,4% azalaraq 697 milyon ton təşkil edib. Bu dövrdə neft emalı müəssisələrinin güclərindən istifadə əmsalı da 73,2%-ə enib.
İnstitut eyni zamanda Çində təbii qaza olan sənaye tələbatının artacağını bildirir. Proqnoza əsasən, sənaye sektorunda qaza tələbat 2030-cu ilədək 50 milyard kubmetr artacaq.
Beləliklə, Çinin enerji bazarında neftdən qaz və elektrik enerjisinə doğru keçidin sürətlənməsi, xüsusilə nəqliyyat sektorunda elektromobillərin payının artması uzunmüddətli perspektivdə qlobal neft tələbatının strukturuna da təsir göstərə bilər.
MONETAR.AZ