Səudiyyə Ərəbistanında neft hasilatı 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb

Səudiyyə Ərəbistanında neft hasilatı 1990-cı ildən bəri

Səudiyyə Ərəbistanında xam neft hasilatı avqust ayında kəskin azalaraq 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb. “Bloomberg”in krallığın OPEC-ə təqdim etdiyi məlumatlara istinadən yaydığı xəbərə görə, hasilatdakı geriləmə ABŞ və İran arasında regionun ixrac marşrutlarına ciddi təsir göstərən münaqişənin yenidən alovlanması fonunda baş verib.

Səudiyyə Ərəbistanı OPEC katibliyinə bildirib ki, avqust ayında xam neft hasilatı sutkada 1,9 milyon barel azalaraq 6,238 milyon barelə düşüb. Bu göstərici apreldə qeydə alınmış və Fars körfəzi müharibəsindən sonra krallığın açıqladığı ən aşağı hasilat səviyyəsi olan əvvəlki minimumdan da aşağıdır.

Kəskin eniş OPEC-in aparıcı üzvü olan Səudiyyə Ərəbistanında hasilatın bir neçə ay ərzində bərpa olunmasından sonra baş verib. Bu dinamika İranla uzanan münaqişənin Yaxın Şərqin əsas enerji istehsalçılarına təsirinin gücləndiyini göstərir. Fars körfəzində neft tankerlərinə hücumların yenidən başlaması fonunda “Brent” markalı neftin fyuçers qiyməti də həftə ərzində bir barel üçün 100 dollar həddini keçib.

“Bloomberg”in tankerlərin hərəkətinə dair topladığı məlumatlar da Səudiyyə Ərəbistanının açıqladığı rəqəmləri təsdiqləyir. Məlumata görə, krallığın neft ixracı avqust ayında təxminən üçdə bir azalaraq sutkada 3 milyon barelə yaxınlaşıb.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı OPEC-ə bildirib ki, strateji ehtiyatlardan istifadə də nəzərə alınmaqla, avqust ayında bazara çıxarılan xam neftin həcmi sutkada 7,122 milyon barel olub. Bu rəqəmin faktiki hasilatdan yüksək olması krallığın daxili ehtiyatlarının bir hissəsindən istifadə etdiyini göstərir.

OPEC-in aylıq hesabatında digər mənbələrin, yəni ikinci dərəcəli hesab edilən müstəqil təşkilatların hasilat üzrə qiymətləndirmələri də təqdim olunur. Həmin məlumatlara əsasən, Səudiyyə Ərəbistanında avqust ayında neft hasilatı sutkada 7,276 milyon barel təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə yalnız cüzi azalma deməkdir.

Beləliklə, Səudiyyə Ərəbistanının özünün təqdim etdiyi rəqəmlərlə OPEC-in ikinci mənbələrdən topladığı göstəricilər arasında ciddi fərq yaranıb. Bu fərq Yaxın Şərqdəki hərbi qarşıdurmanın regionun neft hasilatı və ixracına təsirinin miqyasına dair qeyri-müəyyənliyi də artırır.

MONETAR.AZ