Almaniyanın qazla işləyən elektrik stansiyalarının ümumilikdə 4,5 giqavatlıq gücü üzrə keçirdiyi ilk tender mövcud həcmdən daha çox sifariş alıb.
Ölkənin milli energetika tənzimləyicisinin məlumatına görə, tender üzrə qaliblərin noyabrın əvvəlində elan edilməsi gözlənilir.
Almaniya Avropanın ən böyük iqtisadiyyatında enerji təchizatının dayanıqlığını təmin etmək məqsədilə ümumilikdə 11 giqavatlıq qaz generasiyası gücü üzrə tenderlər keçirir. İlk mərhələdən sonra əlavə tenderlərin dekabr ayında və 2027-ci ildə təşkili planlaşdırılır.
Tender proqramı ilkin olaraq yanvar ayında razılaşdırılıb. Proqram Almaniyanın kömürdən mərhələli şəkildə imtina edərək daha az karbon emissiyası yaradan enerji mənbələrinə, o cümlədən təbii qaza keçid strategiyasının bir hissəsidir.
Dəyəri 35,2 milyard avro (təxminən 41 milyard dollar) qiymətləndirilən proqram ötən həftə Avropa Komissiyası tərəfindən təsdiqlənib.
Almaniyanın aparıcı enerji şirkətləri RWE və Uniper daha əvvəl tender çərçivəsində ümumi gücü 4,7 giqavat olan layihələr üzrə təklif təqdim etmək niyyətlərini açıqlamışdılar.
MONETAR.AZ