DİM ingilis dili müəllimləri üçün TKT imtahanı keçirəcək

DİM ingilis dili müəllimləri üçün

Dövlət İmtahan Mərkəzi (DİM) ingilis dili müəllimlərinin bilik və bacarıqlarını beynəlxalq səviyyədə təsdiqləyən TKT (Teaching Knowledge Test) kvalifikasiyası üzrə növbəti imtahanı təşkil edəcək.

İmtahan 28 noyabr 2026-cı ildə DİM-in elektron imtahanlar korpusunda – Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50, TÜRKPA-nın yanında keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlər 13 oktyabr 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər.

DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi kimi TKT kvalifikasiyasının beş modulu üzrə imtahan təqdim edir. Bunlara TKT Modul 1, TKT Modul 2, TKT Modul 3, TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) daxildir.

DİM həmçinin Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications və Cambridge English Teaching imtahanlarını təşkil edir. Tələb əsasında Cambridge English Placement Test (CEPT) – Kembric İngilis dili üzrə Səviyyə Testinin keçirilməsi də mümkündür.

TKT imtahanında iştirak üçün qeydiyyat DİM-in elektron xidmətləri vasitəsilə aparılır. Namizədlər imtahana gələrkən şəkilli şəxsiyyət vəsiqəsini və elektron poçt vasitəsilə göndərilən Confirmation of Entry (CoE) sənədini təqdim etməlidirlər.

İmtahan otağına yalnız şəxsiyyət vəsiqəsi, su, sadə karandaş, pozan və karandaşyonan aparılmasına icazə verilir. Göy diyircəkli qələmdən istifadəyə icazə verilmir.