Özbəkistan latın qrafikalı əlifbanın yekun variantını təsdiqləyib

Özbəkistan latın qrafikalı əlifbanın

Özbəkistan Senatı ölkənin latın qrafikasına əsaslanan yeni əlifbasının yekun variantını təsdiqləyib. Yeni əlifba əvvəlki 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və bir apostrofdan ibarət olacaq. Qanun prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Senatın mətbuat xidmətinin məlumatına görə, dəyişikliklər özbək dilinin istifadəsini genişləndirməyə və onun rəqəmsal mühitdə tətbiqini asanlaşdırmağa xidmət edəcək.

Keçid dövründə əvvəlki nümunəli sənədlər, qiymətli kağızlar və dövriyyədə olan milli valyuta hüquqi qüvvəsini saxlayacaq. Dövlət qurumları və digər təşkilatlar isə rəmzlərdən, lövhələrdən və göstəricilərdən sonradan müəyyən ediləcək müddət başa çatanadək istifadə edə biləcəklər.

Hazırda Özbəkistanda həm kiril, həm də latın qrafikasından istifadə olunur.

Qeyd edək ki, ərəb əlifbasını əvəz edən latın qrafikası Özbəkistanda ilk dəfə 1929-cu ildə tətbiq edilib. 1940–1942-ci illərdə isə ölkə kiril əlifbasına keçib. Müstəqillikdən sonra, 2 sentyabr 1993-cü ildə "Latın qrafikasına əsaslanan özbək əlifbasının tətbiqi haqqında" qanun qəbul edilsə də, ölkənin yeni yazı sisteminə tam keçidi 33 il davam edib.

MONETAR.AZ