"Petrobras" Braziliyada benzinin ucuzlaşacağını açıqlayıb

"Petrobras" Braziliyada benzinin

Braziliyanın dövlət neft şirkəti "Petrobras" hökumətin qəbul etdiyi yeni vergi tədbirlərinin istehlakçılar üçün benzinin qiymətini litr üzrə 0,19 real (təxminən 0,037 dollar) azaldacağını açıqlayıb. Bununla da şirkət qiymət artımı ilə bağlı əvvəlki bəyanatını geri götürüb.

Şirkət əvvəlcə litr üçün 0,44 real həcmində tətbiq olunan güzəştin ləğv ediləcəyini və bunun nəticəsində distribyutorlar üçün benzinin qiymətinin litr başına 3,24 reala yüksələcəyini bildirmişdi.

Lakin sonradan yayılan dəqiqləşdirilmiş açıqlamada qeyd olunub ki, hökumətin yeni vergi qərarları hesabına neft emalı zavodlarından distribyutorlara satılan benzinin qiyməti azalacaq.

Braziliya hökuməti benzinin idxalı və satışına tətbiq olunan federal vergini litr üzrə 0,63 real azaltmaq qərarına gəlib. Yeni mexanizm əvvəlki 0,44 real həcmindəki subsidiyanı əvəz etməklə yanaşı, onun təsirini də genişləndirir.

"Petrobras"ın hesablamalarına görə, vergi endirimi güzəştlərin ləğvinin təsirini üstələyir və nəticədə distribyutorlar üçün benzinin qiyməti vergilər nəzərə alınmaqla litr başına 0,19 real ucuzlaşacaq.

Qiymət endirimi oktyabrın 4-nə planlaşdırılan prezident seçkilərinin ilk turu ərəfəsində həyata keçirilir. Hazırkı prezident Luis İnasio Lula da Silva dördüncü dəfə dövlət başçısı seçilmək uğrunda mübarizə aparır.

Hökumət, həmçinin dizel yanacağı üçün də litr başına 1 real məbləğində yeni subsidiya ayıracağını açıqlayıb. "Petrobras" bildirib ki, dizel subsidiyasının tətbiqinə hökumətin müvafiq normativ-hüquqi sənədləri dərc edildikdən sonra başlanılacaq.

MONETAR.AZ