Avropa Mərkəzi Bankı faiz dərəcəsini 2,5 faizə yüksəltdi

Avropa Mərkəzi Bankı faiz dərəcəsini

Avropa Mərkəzi Bankı (AMB) enerji daşıyıcılarının bahalaşmasının inflyasiya üzərində yaratdığı təzyiq fonunda faiz dərəcəsini artırıb.

Monetar.az xəbər verir ki, AMB bu gün keçirilən iclasında depozit üzrə əsas faiz dərəcəsini 25 baza bəndi artıraraq 2,5%-ə çatdırıb. Qərar bazar iştirakçılarının gözləntilərinə uyğun olub. Bu, bankın 2026-cı ildə ikinci faiz artımıdır. AMB iyunda faizləri artırdıqdan sonra iyulda monetar siyasətdə fasilə vermişdi.

Faiz artımının əsas səbəblərindən biri Yaxın Şərqdə davam edən münaqişənin neft və təbii qaz qiymətlərinə təsir göstərməsi və bunun avrozonada inflyasiya təzyiqlərini gücləndirməsidir. AMB bəyanatında münaqişənin “inflyasiya təzyiqi yaratmaqda davam etdiyini” bildirərək, qiymət artımının uzun müddət bankın 2%-lik hədəfindən yüksək qalacağını vurğulayıb.

İnvestorlar AMB-nin inflyasiya ilə mübarizəyə sadiqliyini nümayiş etdirmək üçün monetar siyasəti yenidən sərtləşdirəcəyini gözləyirdilər. Bununla belə, faizlərin yüksəldilməsi iqtisadi fəallığı zəiflədə və kreditləşməni bahalaşdıra bilər.

AMB-nin qiymətləndirməsinə görə, avrozonada inflyasiyanın 2026-cı ildə orta hesabla 3%, 2027-ci ildə isə 2,5% olması gözlənilir. Bank eyni zamanda 2026-cı il üzrə iqtisadi artım proqnozunu 0,9%-ə yüksəldib.

MONETAR.AZ