Qatlanan smartfon bazarı son illərdə sürətlə inkişaf etsə də, bu seqmentdə ilk addımı 2019-cu ildə "Samsung" və "Huawei" atmışdı. Mütəxəssislərin fikrincə, "Apple" bazara gec daxil olsa da, şirkətin yeni texnologiyaları yalnız kifayət qədər təkmilləşdirdikdən sonra təqdim etməsi onun ənənəvi strategiyasıdır.
Texnologiya icmalçılarının sözlərinə görə, "iPhone Duo" bir sıra yeni istifadəçi təcrübələri təklif edir. Cihazın qatlanan ekranında videozəng və çəkiliş zamanı həm daxili, həm də xarici displeydən istifadə mümkündür. Yarıaçıq vəziyyətdə ekranın qatlanma izi minimum səviyyəyə endirilib, cihaz bağlanarkən isə görüntü animasiya effekti ilə xarici ekrana keçir.
"Apple"ın təqdimatından əvvəl Çin istehsalçıları da yeni qatlanan modellərini nümayiş etdiriblər. "Huawei" üçqatlanan "Mate XT 2", "Xiaomi" isə nazik korpuslu "18 Fold" modelini təqdim edərək bazarda rəqabəti artırıb.
Analitiklər hesab edirlər ki, "iPhone Duo" qiymət baxımından premium qatlanan smartfon seqmentində əsas rəqibləri ilə müqayisədə daha əlçatan görünür. Bununla belə, bəzi ekspertlər texnoloji yeniliklər baxımından Çin istehsalçılarının hələ də müəyyən üstünlüyə malik olduğunu bildirirlər. Onların fikrincə, "Apple" xüsusilə süni intellekt sahəsində rəqiblərini yaxalamağa çalışır.
Təqdimatda şirkət həmçinin "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərini də nümayiş etdirib. Yeni smartfonlar tünd qırmızı, boz, qara və mavi rənglərdə satışa çıxacaq.
MONETAR.AZ