Almaniya və Birləşmiş Ərəb Əmirlikləri milyardlarla dollarlıq sazişlər imzalayacaq

Almaniya və  Birləşmiş Ərəb Əmirlikləri milyardlarla dollarlıq

Almaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) süni intellekt, energetika və investisiya sahələrində bir neçə milyard dollar dəyərində yeni müqavilələr imzalamağa hazırlaşır.

BƏƏ-nin xüsusi tapşırıqlar üzrə xarici işlər naziri, ölkənin BMT-dəki keçmiş səfiri Lana Nuseybe bildirib ki, sazişlərin cümə axşamı imzalanması nəzərdə tutulur. Onun sözlərinə görə, razılaşmalar iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin əsasını qoyacaq.

Hazırda Almaniya ilə BƏƏ arasında bir sıra istiqamətlərdə əməkdaşlıq mövcuddur. Neft sektoru nəzərə alınmadıqda, iki ölkə arasındakı ticarət dövriyyəsi ildə təxminən 15,5 milyard dollar təşkil edir.

Artan geosiyasi qeyri-müəyyənlik, o cümlədən İran ətrafında yaranmış vəziyyət və ABŞ-ın xarici siyasətində baş verən dəyişikliklər Berlin və Əbu-Dabini strateji tərəfdaşlıqları genişləndirməyə sövq edən amillər sırasındadır.

Nuseybenin sözlərinə görə, Almaniya ilə BƏƏ arasında daha sıx əməkdaşlıq Avropanın sənaye və texnoloji imkanlarını Fars körfəzi, Asiya və Afrikadakı kapital, enerji resursları və inkişaf potensialı ilə birləşdirməyə imkan verə bilər.

Yeni sazişlər BƏƏ prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhayyanın Berlinə səfəri çərçivəsində imzalanacaq. BƏƏ rəsmisi razılaşmaların konkret maliyyə detallarını açıqlamasa da, onların bir neçə mühüm istiqaməti əhatə edəcəyini bildirib.

Planlaşdırılan sənədlər arasında tədqiqatçıları və investorları bir araya gətirməyə yönəlmiş texnoloji əməkdaşlıq üzrə çərçivə sazişinin olması gözlənilir. Bundan başqa, bərpa olunan enerji, hidrogen və enerjiyə qənaət texnologiyaları üzrə mövcud əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan enerji keçidi ilə bağlı razılaşmaların da imzalanacağı bildirilir.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts fevral ayında Fars körfəzi regionuna səfər edib. Bu səfər ABŞ və İsrailin İrana zərbələr endirməsindən və altı aydan artıqdır davam edən müharibənin başlanmasından az əvvəl baş tutub.

MONETAR.AZ