Azərbaycan Standartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib

Azərbaycan Standartlaşdırma İnstitutu 446 yeni dövlət standartı

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 446 yeni dövlət standartı qəbul edilib.

AZƏRTAC xəbər verir ki, standartlar müxtəlif sahələri əhatə edib. Onlardan 91-i nəqliyyat, 56-sı qida texnologiyası və kənd təsərrüfatı, 43-ü mebel, 38-i tekstil və dəri texnologiyası, 37-si maşınqayırma, 36-sı əməyin təhlükəsizliyi, 28-i uşaq malları, 23-ü informasiya və telekommunikasiya, 21-i texniki materiallar, 16-sı energetika və elektrotexnika, 15-i bina qurğuları, 11-i idarəetmə və keyfiyyət, 9-u neft-qaz, kimya və əlaqəli texnologiyalar, 8-i turizm, 4-ü sənədləşdirmə və nəşriyyat, 4-ü istehlak malları, 3-ü hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər, 2-si metrologiya, ölçmə sistemləri və cihazlar, biri isə zərgərlik sahəsinə aiddir.

Hesabat dövründə 26 dövlət standartı üzrə dövri yoxlanılma aparılıb və ya müvafiq dəyişikliklər edilib. Eyni zamanda, 27 dövlət standartı ləğv olunub.

Bundan başqa, sahibkarların müraciətləri əsasında 89 texniki şərt ekspertizadan keçirilərək qeydiyyata alınıb.

AZSTAND tərəfindən son dövrdə müxtəlif istiqamətlər üzrə yeni standartların qəbul edilməsi milli standartlaşdırma sisteminin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlərin davam etdiyini göstərir. Məsələn, avqust ayında uyğunluğun qiymətləndirilməsi sahəsində iki yeni dövlət standartı qəbul edilib.