Rusiyada dövlət şirkətlərinin yüksək dividend ödənişləri avqust ayında federal büdcənin profisitlə icra olunmasına imkan verib.
Maliyyə Nazirliyinin ilkin hesablamalarına əsasən, ötən ay büdcə profisiti 660 milyard rubl təşkil edib. "Rayffayzenbank"ın analitiklərinin hazırladığı "Focus Pocus" teleqram kanalında qeyd olunur ki, bu nəticə əsasən 691 milyard rubl həcmində dividend daxilolmaları hesabına mümkün olub. Məhz bu vəsait qeyri-neft-qaz gəlirlərinin artımında həlledici rol oynayıb.
Məlumata görə, dövlət şirkətləri büdcəyə ödədikləri dividendlərin həcmini demək olar ki, iki dəfə artırıblar. Müqayisə üçün, 2025-ci ilin yanvar-avqust aylarında bu göstərici 393 milyard rubl olmuşdu.
Bundan əvvəl Maliyyə Nazirliyi büdcə kəsiri ilə bağlı yenilənmiş ilkin qiymətləndirməni də açıqlamışdı. Avqustun yekunlarına görə, büdcə kəsiri iyul ayında qeydə alınan 6,45 trilyon rubldan 5,7 trilyon rubla enib ki, bu da ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,5 faizinə bərabərdir.
Eyni zamanda, büdcə gəlirləri artaraq 25,9 trilyon rubla çatıb. Müqayisə üçün, iyulun sonuna bu rəqəm 22,1 trilyon rubl idi. Yanvar-avqust aylarında dövlət xərcləri isə 31,7 trilyon rubl təşkil edib. Bu, yanvar-iyul dövrü ilə müqayisədə 10,8 faiz çoxdur.
"Rayffayzenbank"ın analitikləri bildirirlər ki, ilin əvvəlində müşahidə olunan və ötən ilin analoji dövrü ilə müqayisədə daha yüksək olan büdcə kəsiri tədricən azalır. Onların hesablamalarına görə, səkkiz ayın nəticələrinə əsasən, ötən illə müqayisədə yaranmış fərq 1,6 trilyon rubla qədər enib. Yaz aylarında isə bu göstərici 3 trilyon rubl səviyyəsində idi.
Analitiklərin məlumatına əsasən, 2026-cı ilin yay aylarında – iyun, iyul və avqust ərzində federal büdcənin ümumi profisiti 215 milyard rubl təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksək qiymətləndirilir.
Bununla yanaşı, ekspertlər dövlət xərclərinin artım tempinin də sürətləndiyini bildirirlər. "TruEcon" teleqram kanalının müəllifi Yeqor Susinin sözlərinə görə, bu dinamika əsasən dövlət satınalmalarına ayrılan vəsaitin cari ildə 3,4 trilyon rubl artması ilə bağlıdır. Onun fikrincə, bu tendensiya dövlət sifarişləri üzrə daha intensiv avans ödənişlərinin həyata keçirildiyini göstərir.
MONETAR.AZ