TotalEnergies Anqolada yeni neft yatağı aşkar edib

TotalEnergies Anqolada yeni neft yatağı

Fransanın TotalEnergies şirkəti Anqolanın 17-ci blokunda yeni neft yatağı aşkar etdiyini açıqlayıb. Şirkətin yaydığı məlumata görə, "Acacia-5" adlandırılan yataq 2026-cı ilin iyul ayında kəşf edilib.

Şirkət yeni yataqdan ilk neft hasilatına kəşfdən cəmi üç ay sonra başlamağı planlaşdırır. Bu məqsədlə "Pazflor" neftin hasilatı, saxlanılması və boşaldılması üzrə üzən istehsal qurğusunun (FPSO) mövcud ehtiyat istehsal güclərindən istifadə ediləcək.

TotalEnergies bildirir ki, "Acacia-5" yatağının istismara verilməsi 17-ci blok üzrə gündəlik neft hasilatını təxminən 6 min barel artıracaq.

Anqolanın Atlantik okeanı akvatoriyasında, paytaxt Luandadan təxminən 200 kilometr şimal-qərbdə yerləşən 17-ci blok ölkənin əsas dəniz neft yataqlarından biridir. Layihənin operatoru 38 faizlik payla TotalEnergies şirkətidir.

Yataqda səhmdarlar arasında Norveçin Equinor şirkəti 22,16 faiz, ABŞ-ın ExxonMobil şirkəti 19 faiz, Anqolanın Azule Energy şirkəti 15,84 faiz, Sonangol E&P isə 5 faiz paya malikdir.

MONETAR.AZ