Mis bazarında qiymətlər cümə axşamı rekord səviyyəyə yüksəldikdən sonra kəskin geriləyib.
London Metal Birjasında (LME) etalon müqavilə üzrə misin qiyməti Bakı vaxtı ilə saat 15:20 radələrində 3% azalaraq metrik ton üçün 14 329,50 dollara düşüb. Halbuki günün əvvəlində qiymət 14 875 dollarla tarixi maksimuma çatmışdı.
ABŞ-nin COMEX birjasında da mis ucuzlaşıb. Burada qiymət 4,7% geriləyərək bir funt üçün 6,49 dollara, yaxud metrik ton hesabı ilə təxminən 14 308 dollara enib.
Son aylarda COMEX-də mis LME-dəki qiymətdən əhəmiyyətli dərəcədə baha satılıb. Bunun əsas səbəblərindən biri ABŞ-də tətbiqi gözlənilən tariflər olub. Treyderlər 2027-ci ilin əvvəlindən qüvvəyə minə biləcək 15%-lik idxal rüsumlarını nəzərə alaraq əvvəlcədən ABŞ bazarına böyük həcmdə mis göndəriblər.
ABŞ-yə mis tədarükünün sürətlənməsi Prezident Donald Trampın ötən ilin fevralında mis idxalına tariflərin tətbiqi imkanlarının araşdırılması ilə bağlı sərəncamından sonra başlayıb. İstehsalçılar və treyderlər mümkün rüsumlardan əvvəl metal ehtiyatlarını artırmağa çalışıblar.
Lakin cümə axşamı birjalararası qiymət fərqinin kəskin dəyişməsi bu strategiyanın iqtisadi cəlbediciliyini zəiflədib. Ən yaxın COMEX fyuçersi ilə LME-nin oktyabr tədarüklü mis müqaviləsi arasındakı spred dəyişkən ticarət fonunda bəzi məqamlarda ton üçün təxminən 200 dollar azalaraq mənfi zonaya keçib.
Son məlumata görə, spred mənfi 20 dollar/ton səviyyəsində olub. Bu isə misin ABŞ-yə göndərilməsini iqtisadi baxımdan sərfəsiz edir və bazarda tariflərlə bağlı əvvəlki gözləntilərin dəyişdiyinə işarə verir.
MONETAR.AZ