Böyük Britaniyada ərzaq qiymətlərinin yaxın aylarda yenidən sürətlənəcəyi gözlənilir. Böyük Britaniyanın Yeyinti və İçki Sənayesi Federasiyasının (FDF) proqnozuna görə, ərzaq məhsullarının qiymət inflyasiyası ilin sonuna qədər təxminən 4%-ə yüksələcək, 2027-ci ilin ortalarında isə 6%-i keçəcək.
FDF hesab edir ki, dekabr ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiymətləri ötən ilin eyni ayı ilə müqayisədə 3,9% yüksək olacaq. Bu göstərici təşkilatın əvvəlki proqnozundan xeyli aşağıdır. FDF daha əvvəl dekabr üçün ərzaq inflyasiyasının təxminən 10%-ə çatacağını gözləyirdi.
Lakin qiymət artımının daha aşağı səviyyədən başlamasına baxmayaraq, prosesin 2027-ci ildə də davam edəcəyi bildirilir. Federasiyanın hesablamalarına əsasən, ərzaq inflyasiyası gələn ilin iyulunda 6,4%-lik pik həddə çata bilər.
Sahə birliyi qiymət artımının əsas səbəbləri sırasında enerji xərclərini, logistika və qablaşdırma üzrə yüksək məsrəfləri, eləcə də əlverişsiz hava şəraitini göstərir. FDF gözlənilən təzyiqləri ABŞ və İran arasında davam edən müharibə, Avropada müşahidə olunan quraqlıq və El-Ninyo hava fenomeni ilə əlaqələndirib.
FDF-nin icraçı direktoru Karen Betts bildirib ki, qida və içki istehsalçıları Hörmüz boğazının bağlanmasından sonra yaranan enerji şoku şəraitində qiymət artımını mümkün qədər məhdudlaşdırmağa çalışıblar. Onun sözlərinə görə, enerji daşıyıcıları, logistika və qablaşdırma üzrə yüksək xərclərin uzun müddət istehsalçılar tərəfindən kompensasiya edilməsi mümkün deyil.
Betts qeyd edib ki, yay aylarında müşahidə olunan kəskin istilərlə yanaşı, yüksək istehsal və təchizat xərcləri ərzaq qiymətlərinə təzyiq göstərəcək. Bu səbəbdən qiymət artımının 2027-ci ilə qədər davam etməsi gözlənilir.
Federasiyanın qiymətləndirməsinə görə, 2027-ci ilin ikinci yarısında ərzaq inflyasiyası tarixi orta göstəricilərdən əhəmiyyətli dərəcədə yüksək qala bilər. Təşkilat əvvəlki proqnozla müqayisədə inflyasiyanın pik səviyyəsinin daha aşağı olacağını gözləsə də, yüksək qiymətlər dövrünün daha uzun çəkəcəyini bildirir.
Bununla yanaşı, hazırkı göstəricilər Britaniyada ərzaq inflyasiyasının hələlik nisbətən aşağı səviyyədə olduğunu göstərir. Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, iyul ayında ərzaq məhsulları və içkilərin qiymət inflyasiyası 1,3%-ə düşüb. Bu, 2024-cü ilin avqustundan bəri ən aşağı göstəricidir. Həmin ayda ölkədə ümumi istehlak inflyasiyası isə 2,9%-ə yüksəlib.
İngiltərə Bankı ərzaq və enerji qiymətlərinin əhalinin inflyasiya gözləntilərinə digər mal və xidmətlərdən daha güclü təsir etdiyini hesab edir. Mərkəzi Bank ərzaq inflyasiyasının dekabr ayına qədər 3,5%-ə, ümumi İstehlak Qiymətləri İndeksinin isə 3,1%-ə yüksələcəyini proqnozlaşdırır.
FDF-nin məlumatına görə, Böyük Britaniyada ərzaq və içki qiymətlərinin ümumi səviyyəsi 2020-ci ildən bəri təxminən 40% artıb.
Sahə birliyi eyni zamanda hökumətin sağlamlıq üçün zərərli hesab edilən məhsulların marketinqinin məhdudlaşdırılması ilə bağlı planlarına yenidən baxmağa çağırıb. FDF-nin hesablamalarına əsasən, əməkhaqqı fonduna tətbiq olunan vergilərin artırılması, eləcə də reklam və qablaşdırma qaydalarının sərtləşdirilməsi ötən il qida və içki sektorunun xərclərini əlavə olaraq 2 milyard funt sterlinq, yəni təxminən 2,7 milyard dollar artırıb.
MONETAR.AZ