Starbucks kafelərin yenilənməsinə 1 milyard dollar sərmayə qoyacaq

Starbucks kafelərin yenilənməsinə 1 milyard dollar

“Starbucks” qəhvəxanalarını daha rahat və cəlbedici məkana çevirmək məqsədilə onların yenilənməsinə təxminən 1 milyard dollar investisiya yatırmağa hazırlaşır. Şirkət hesab edir ki, daha komfortlu interyer müştərilərin kafelərdə daha çox vaxt keçirməsinə və nəticədə daha çox içki sifariş etməsinə şərait yaradacaq.

“Financial Times”ın məlumatına görə, qəhvəxanalar şəbəkəsi Şimali Amerikada öz mülkiyyətində olan 9 minə qədər müəssisəni modernləşdirməyi planlaşdırır. “Starbucks”ın dizayn və kafe konsepsiyaları üzrə baş vitse-prezidenti Don Klarkın sözlərinə görə, bir kafenin yenilənməsi orta hesabla 150 min dollara başa gələcək.

Nəşrin məlumatına əsasən, sentyabrın sonunadək təxminən 1 500 kafedə yenilənmə işlərinin tamamlanması nəzərdə tutulur.

“Uplift” adlandırılan yenilənmə proqramı çərçivəsində kafelərə yumşaq kreslolar, xalçalar, kitab rəfləri, dibçək bitkiləri və daha rahat mebellər əlavə ediləcək. Bu dəyişikliklərlə şirkət uzun illərdir istifadə etdiyi, kafeləri ev və iş yeri arasında “üçüncü məkan” kimi təqdim edən konsepsiyanı yenidən canlandırmağı hədəfləyir.

“Financial Times” yazır ki, layihə baş icraçı direktor Brayan Nikkolun iki çətin ildən sonra şirkətin biznesini bərpa etmək üçün hazırladığı strategiyanın əsas hissələrindən biridir.

Bununla yanaşı, “Starbucks” qarşıdakı iki il ərzində 2 milyard dollar həcmində qənaət etməyi planlaşdırır. Şirkət bildirir ki, kafelərin yenilənməsi əsasən gecə saatlarında həyata keçirilə bilər. Bu yanaşmanın əvvəlki təmir və yenidənqurma layihələri ilə müqayisədə xərcləri əhəmiyyətli dərəcədə azaltması gözlənilir.

MONETAR.AZ