İşçilərin emosional və psixoloji vəziyyəti müasir şirkətlər üçün artıq yalnız insan resursları məsələsi deyil, birbaşa biznes nəticələrinə təsir edən amilə çevrilib. 150-dən çox şirkət rəhbəri arasında aparılan araşdırmanın nəticələri göstərir ki, rəhbərlərin 86%-i əməkdaşların emosional tükənməsini (burnout) iş effektivliyinin kəskin azalması ilə əlaqələndirir.
Daha diqqətçəkən məqam isə tükənmənin şirkətlərin kadr potensialına təsiridir. Araşdırmaya görə, rəhbərlərin 72%-i əməkdaşların emosional tükənməsi nəticəsində şirkət üçün əhəmiyyətli olan dəyərli mütəxəssisləri itirdiklərini bildiriblər.
Azərbaycanda, xüsusilə yüksək iş tempi ilə seçilən bank, telekommunikasiya, İT və rəqəmsal marketinq sektorlarında emosional tükənmə kadr axınının əsas səbəblərindən birinə çevrilə bilər. Gərgin iş qrafiki, davamlı təzyiq və iş-həyat balansının pozulması əməkdaşların həm məhsuldarlığına, həm də şirkətdə qalmaq qərarına təsir göstərir.
Araşdırmanın nəticələrinə əsasən, emosional tükənmənin ən ciddi fəsadlarından biri motivasiyanın azalması və iş prosesində səhvlərin artmasıdır. Bu problem respondentlərin 53-71%-nin qeyd etdiyi əsas risklər sırasında yer alır. İşçi fiziki olaraq iş yerində olsa da, zehni və emosional baxımdan prosesdən uzaqlaşa bilər. Nəticədə müştərilərlə ünsiyyətdə problemlər, qərarvermədə səhvlər və şirkət üçün maliyyə itkiləri yarana bilər.
İqtisadi və biznes mühitindəki qeyri-müəyyənlik də əməkdaşların psixoloji vəziyyətinə təsir göstərən amillərdəndir. Respondentlərin 57%-i gələcəklə bağlı qeyri-müəyyənliyin işçilərdə davamlı narahatlıq yaratdığını bildirib.
Digər mühüm amil isə iş qrafikinin kifayət qədər çevik olmamasıdır. Araşdırmaya görə, respondentlərin 29%-i qrafik elastikliyinin olmamasını işçilərin işdən ayrılmasına səbəb olan amillərdən biri hesab edir. Xüsusilə gənc mütəxəssislər üçün iş və şəxsi həyat arasında balansın qorunması əmək münasibətlərində getdikcə daha çox əhəmiyyət qazanır.
HR və korporativ idarəetmə üzrə mütəxəssislər hesab edirlər ki, işçinin emosional rifahına investisiya şirkət üçün əlavə xərc deyil, uzunmüddətli kadr siyasətinin mühüm hissəsidir. Çünki təcrübəli əməkdaşın itirilməsi yeni işçinin axtarılması, seçilməsi və hazırlanması ilə bağlı əlavə xərclər yaradır.
Şirkətlərin bir hissəsi artıq bu istiqamətdə müəyyən addımlar atır. Araşdırmaya görə, müəssisələrin 57%-i əməkdaşlara hibrid və ya uzaqdan iş imkanları, eləcə də psixoloji dəstək xətləri təqdim edir. Lakin bu tədbirlərin real effektivliyi yüksək qiymətləndirilmir. Mövcud dəstək proqramlarının səmərəliliyi 5 ballıq şkala üzrə orta hesabla 2,57 bal təşkil edib.
Rəhbərlərin 41%-i isə əməkdaşların emosional rifahına yönəlmiş proqramların inkişaf etdirilməsi üçün kifayət qədər büdcə ayrılmadığını bildirib.
Mütəxəssislərin fikrincə, işçilərin emosional tükənməsinin qarşısının alınması yalnız psixoloji dəstək xidmətlərinin yaradılması ilə məhdudlaşmamalıdır. İş yükünün düzgün bölüşdürülməsi, çevik iş qrafiki, rəhbərlərlə açıq kommunikasiya, əməkdaşların fikirlərinin nəzərə alınması və sağlam korporativ mühit də bu siyasətin əsas elementləri olmalıdır.
Əks halda, emosional rifahı ikinci plana keçirən şirkətlər təkcə məhsuldarlıq itkisi ilə deyil, həm də ən təcrübəli və bacarıqlı əməkdaşlarını itirmək riski ilə üzləşə bilərlər. Əmək bazarında rəqabətin gücləndiyi bir dövrdə isə işçinin şirkətdə qalmasını təmin edən əsas amillərdən biri yalnız maaş deyil, həm də onun özünü təhlükəsiz, dəyərli və rahat hiss etdiyi iş mühitidir.
MONETAR.AZ